“Arsak” sözünün türk mənşəli olması hələ 1970-ci illərdən məlum idi – Aqil Abbas

ÖLKƏ
21:15 / 21.09.2020
985

Sosial şəbəkə və mediada 7-ci sinif Azərbaycan tarixi kitabında Qarabağ torpaqlarının olduğu ərazinin Arsak kimi qeyd olunması ciddi müzakirələrə səbəb olub.

Adıçəkilən dərs vəsaiti  2018-ci ilin nəşr edilib və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır. Dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak”  adı ilə verilib.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a danışan millət vəkili, yazıçı Aqil Abbas Arsaxın türk mənşəli söz olduğunu vurğulayıb:

“1975-ci ildə gözəl alim və tədqiqatçı Mirəli Seyidov bizə dərs deyirdi. O, “Arsak” toponiminin qədim türk sözü olduğunu söyləmişdi. Həmçinin, “Qızıl döyüşçü” kitabında sakların türk mənşəli tayfa olduğuna da aydınlıq gətirib. Saklar türk mənşəli tayfa olaraq ölkəmizin ərazisində məskunlaşıblar. “Ərsak” sözü etimoloji dəyişimlərə məruz qalaraq, “Arsak” formasını  alıb, mənası isə “igid sak” tayfaları deməkdir. Mirəli Seyidov öz kitabında bu həqiqəti gün üzünə çıxarıb. Həmçinin, Ziya Binyadovun da bununla bağlı araşdırmaları mövcuddur. Arsaq sözünü erməniləşdirmək, elə erməni ilə əlbir olmaq deməkdir.”

Aqil Abbas bir çox işarələrin də türk mənşəli olduğunu deyib:

“Bu məsələni böyük alimlər qabartmalıdır. Azərbaycanda mifologiya, etnos və etnoqrafiya ilə məşğul olan bilikli alimlərimiz var. Bu istiqamətdə AMEA və BDU-nun alimləri birləşməlidir. Şərqşünaslıq İnstitutunun da bununla bağlı geniş araşdırmaları mövcuddur. “Arsak” sözünün türk mənşəli olması və onun Sak tayfalarını ifadə etməsi  70-ci illərdən bizə məlum idi.

Son günlər məsələ ilə bağlı bir çox yanaşmalar irəli sürülür. Bizim öhdəmizə düşən isə bunu doğru şəkildə dünyaya sübut etməkdir. Bu mənada alimlərimizin üzərinə böyük yük düşür”.

1