“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək” 

ÖLKƏ
18:01 / 21.09.2020
744

“Ermənilər təxribatlarını davam etdirir, dayanmırlar, işğalçılıq siyasətindən əl çəkmirlər. Azərbaycanın artıq bir yolu qalır: Müharibə”. 

Bu sözləri Yenisabah.az-a Qarabağ qazisi Rey Kərimoğlu deyib. Onun fikrincə, artıq torpaqların işğaldan azad edilməsinin zamanı çatıb. Qarabağ qazisi bildirib ki, Azərbaycan Ordusu tez bir zamanda hərbi əməliyyatlara başlamalıdır. “Artıq yetər. Hər dəfə erməni təxribatı nəticəsində şəhid veririk. Doğrudur, bu təxribatların cavabı layiqincə verilir. Lakin artıq həlledici döyüşün zamanı çatıb. Azərbaycan tez bir zamanda torpaqlarını işğaldan azad etməlidir. Özü də təkcə Dağlıq Qarabağ deyil, İrəvan da azad edilməlidir. Ora da Azərbaycanın qədim torpağıdır. Erməni aressiyasına qarşı bu sayaq cavab verilməlidir”, - deyə Rey Kərimoğlu vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə potensialı var: “Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var. Mən əminəm ki, hərbi əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyə biləcək. Bu axır-əvvəl baş verməlidir. İllərdir ki, sülh danışıqları gedir. Amma bir nəticə yoxdur. İtirən yalnız Azərbaycandır. Buna son qoyulmalıdır”.

Qarabağ qazisi, bu məsələdə Rusiya faktorunun qabardılmasını yersiz təlaş hesab edir: “Rusiya Ermənistana açıq dəstək verməyəcək. Yalnız gizli formada silah ötürə bilər. Amma hansısa rus əsgərinin Dağlıq Qarabağda döyüşəcəyinə inanmıram. Hətta bu baş verərsə belə təlaşa düşməyə gərək yoxdur. Qarabağda bir neçə rus əsgəri öldükdən sonra Rusiyada buna qarşı ictimai etirazlar baş qaldıra və bu, Kremlin sahibləri üçün arzuolunmaz nəticələr doğura bilər. Digər tərəfdən, Dağlıq Qarabağ qondarma respublikadır, müstəqil dövlət deyil. Bu ərazilər Azərbaycanındır. Bunu bütün dünya qəbul edir. Ona görə də, Azərbaycanın hüququ var ki, işğal altında olan torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa etsin. 

Bir də ermənilərin Rusiyası varsa, bizim də Türkiyəmiz var. Ona görə də heç nədən çəkinmədən ərazi btövlüyümüzü bərpa etməliyik. Qoy elə şüarımız da “Qana qan, hədəfimiz İrəvan!” olsun”.

0