Bu, səfərbərlik deyil, adi təlimdir - Millət vəkili

ÖLKƏ
17:37 / 21.09.2020
763

Bir neçə gündür ki, sosial şəbəkələrdə hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlar paylaşılır. Çağırışçılar və onların ailələri bunu ölkədə hərbi səfərbərliyin başlaması ilə əlaqələndiriblər. Artıq sosial şəbəkələrdə də səfərbərliyin başlaması ilə bağlı məlumatlar paylaşılır. Məsələ ilə bağlı bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayaraq çağırışın təlim məqsədiylə olduğunu qeyd edib. Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. 

Rəsmi qurumun açıqlamasından da göründüyü kimi, burada ajiotaj yaradacaq heç bir səbəb yoxdur, çağırışın hərbi səfərbərlik kimi qələmə verilməsi yanlışdır. Belə ki, ehtiyatda olan hərbi vəzifəlilər qanunvericiliyə uyğun olaraq təlim toplantılarına çağırılırlar. Müharibə şəraitində olan Azərbaycan üçün bu cür toplanışların keçirilməsi sülh şəraitində olan ölkələrlə müqayisədə daha aktual və vacibdir. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.  Bilirsiniz ki, biz müharibə şəraitində yaşayan ölkəyik.  Torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bundan əlavə, işğalçı Ermənistan iyul ayında cəbhənin  Tovuz rayonu istiqamətində təxribatlar törədib. Onlar bizim bir sıra strateji nöqtələrimizi ələ keçirməyə cəhd edib. Düşmən layiq olduğu cavabı alaraq geri otuzdurulub.  Ancaq işğalçı Ermənistan arxasındakı bəzi güclərin dəstəyi ilə bu təxribatlarını davam etdirir.  Yenə də Tovuz rayonu istiqamətində  təxribata əl atıb və  bu təxribatların qarşısı yüksək səviyyədə alınıb. Bizim Tovuz rayonundan  olan qardaşımız şəhid olub. Bizim Bu gün tək Tovuzda deyil, Azərbaycanın hər tərəfindən yüzlərlə, minlərlə insanımız  Ali Baş  Komandanın əmrində olduqlarını bəyan edirlər. Tovuz hadisələrində minlərlə insan  könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək  hər an cəbhəyə getməyə hazır olduqlarını bildirmişdi.  Kişili-qadınlı, oğullu-qızlı hər birimiz vətəni qorumağa hazır olmalıyıq.

Hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə  hərbi təlimə və  yoxlanışlara çağırılmaları qanunla həmişə həyata keçirilir. Burada hər hansı ajiotaja ehtiyac yoxdur. Bu hadisələrə normal baxmalıyıq. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu cür təlimlərin keçirilməsi ajiotaja səbəb olmamalıdır. 

Hesab edirəm ki, sadəcə hərbi vəzifəlilər deyil, universitet illərindən hərbi kafedralarda bu sahənin sirlərinə yiyələnmiş şəxslər də bu işə cəlb olunmalıdır. Mən də o insanlardan biriyəm. Tovuz hadisələri zamanı  özüm də könüllü şəkildə xidmətə müraciət etmişəm.  Vətənimizə, dövlətimizə nə zaman lazım olsaq, hər bir azərbaycanlı buna hazır olmalıdır”.

Bu arada qeyd edək ki, hərbi vəzifəlilərin təlimlərə çağırılması prosesi başqa ölkələrdə də baş verir. 

Məsələn, Rusiyada ehtiyatda olanların toplanışları hər il keçirilir. Belə ki, iyulun 29-da Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə keçiriləcək toplanışla bağlı müvafiq sərəncam imzalayıb. 

Bu günlərdə Ukraynada da ehtiyatda olanların hərbi toplanışı başlayıb.

Cənubi Koreyada 1968-ci ildən etibarən ehtiyatda olanların hərbi toplanışları keçirilir. Qanunvericiliyə görə, hər bir kişi hərbi xidməti başa vurduqdan sonra il ərzində 1-3 gün davam edən hərbi toplanışlarda iştirak etməlidir. Cənubi Koreyada builki toplanışı  martında keçirilməli idi, amma koronavirus pandemiyasına görə toplanışlar bu ay -  sentyabrda keçiriləcək.

Belarusda ildə bir dəfə analoji hərbi toplanışlar keçirilir. Bu il toplanışlar avqust ayında Vitebsk vilayətində baş tutub.  

İsraildə  “Ehtiyatda olanlar barədə” 2008-ci ildə qəbul olunmuş qanuna görə, hərbi xidməti başa vurmuş vətəndaşlar 54 yaşına qədər hərbi toplanışlara çağırıla bilər. Hər il ölkədə ehtiyatda olan zabitlər 45 günədək hərbi toplanışa çağırılır. Son toplanışlara yalnız Tel-Əvivdən 40 minə yaxın ehtiyatda olan hərbçi qatılıb.

Polşada 2020-ci ildə 50 minədək ehtiyatda olan hərbçi hərbi toplanışa çağırılıb. Əvvəllər toplanışlar bir neçə gün davam edirdisə, bu il bunun üçün 5-12 gün nəzərdə tutulub. Keçmiş hərbçilər çağırışdan sonra 4 saat ərzində hərbi hissədə olmalıdır.

Latviyada 2015-ci ilə qədər ehtiyatda olan hərbçilər üçün bu cür toplanışlarda iştirak könüllü idi. Amma 2016-cı ildən sonra çağırış alan vətəndaş artıq toplanışa qatılmağa borcludur. Toplanışda iştirakdan boyun qaçıranlar 210 avro cərimə olunur, bu hal təkrarlansa, cərimənin miqdarı artırılır.

Göründüyü kimi, ehtiyatda olan hərbçilərin zaman-zaman hərbi toplanışlara, təlimlərə çağırılması bir çox ölkələr üçün adi haldır. Bu, hərbi xidmətdən ötən dövr ərzində onların hərbi hazırlıq səviyyəsinin düşməsinə imkan verməmək, peşəkarlığı lazımi səviyyədə saxlamaq məqsədi güdür. 

0