“Yeni qaydalara görə, tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona həmin fənlərdən təkrar imtahan vermək üçün şans yaradılacaq”.
Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, əvvəllər tələbəyə maksimum iki fəndən təkrar imtahan verməyə icazə verilirdi:
“Yeni qaydaya görə, bu məhdudiyyət aradan qaldırılıb və limit yoxdur. Tələbə kəsiri yaranan fəndlərdən heç bir məhdudiyyət olmadan növbəti semestrə qədər imtahanda iştirak edəcək və bu imtahanlar ödənişsiz olacaq.
Əvvəllər tələbə kreditin 25 faizini ödəyib təkrar imtahanda iştirak edirdi. Əgər tələbənin əvvəlki illərdən kəsiri qalıbsa, o zaman onun həmin fənlərdən də imtahan verməsinə şərait yaradılacaq.
Lakin burada məhdiyyət qoyulub. Tələbə əvvəlki illərdən qalan maksimum iki fəndən yenidən imtahan verə bilər”.
Oxu.az