Şagirdlər və müəllimlər arasında yoluxma: Məktəblər yenidən qapana bilərmi? - RƏSMİ 

ÖLKƏ
13:07 / 22.09.2020
825

Təhsil Nazirliyi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bundan əlavə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bakıda isə müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti oxşar qaydada dəyişilib. 

Bu isə məktəblərin yenidən qapadılması məsələsini gündəmə gətirib.

Məsələ ilə əlaqədar “MediaPost”a danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar məktəblərdə gündəlik yoxlamalar aparılır:

“Biz sadəcə pandemiya şəraitinə uyğun şəkildə statistik təhlil apararaq monitorinqin ümumi nəticələrini qeyd edirik. Yəni yoluxma halları məktəblərin bağlanması qərarı üçün əsas vermir. Yoluxmaların əksəriyyəti şagirdlər arasında qeydə alınsa da, bu, məktəbdə baş verən proses deyil.

Məktəblərdə yoluxma ilə bağlı vəziyyətə gündəlik olaraq baxılır, təhlillər aparılır. Bununla bağlı işçi qrup fəaliyyət göstərir.

Yoluxmalar çoxaldığı halda distant təhsil formasına keçilir. Yəni yoluxma halları yenə qeydə alınarsa, məktəblərdə lokal xarakterli qapanmalar olacaq, tədris distant formada davam etdiriləcək”.

0