Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs edib.
HİT.Az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun məlumatında deyilir:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.