"Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi "Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib".
Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə "Nəsimi bazarı"nın sökülməsi barədə yayılan məlumatlarla bağlı raon İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulmuşdur:
"Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən "Nəsimi bazarı” ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında ("Avrasiya Construction” MMC və "Nəsimi bazarı” ATSC) qarşılıqlı razılaşma əsasında işlərin aparılması nəzərdə tutulur.
Əlavə olaraq qeyd edirik ki, "Nəsimi bazarı” ATSC-nin nümayəndəsinin məlumatına əsasən bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür".