Təcrübə göstərir ki, məhbuslar təcridxana vaqonlarından, vəzifəli şəxsləri ələ almaqla qaça bilərlər. Hətta həmin məhbusların həbsxananın keşiyini çəkən mühafizə dəstələri ilə əlaqəyə girməsi ehtimalı da gözdən keçirilməlidir.
Bunu Axar.az açıqlamasında hüquqşünas, kriminalist Şəmsəddin Əliyev son altı ayda 15 məhbusun həbsxanadan hansı formada qaçma ehtimalından danışarkən deyib. Kriminalistin sözlərinə görə, məhbusların yüksək nöqtələrdəki gözətçi postlarında xidmət aparanların səhlənkarlığından da istifadə edib qaçmaları mümkündür:
“Həmin gözətçilərin necə xidmət aparmaları nəzarətdə saxlanmalı, ciddi şəkildə yoxlanmalıdır. Qaçış məsələsi bir anın içində baş vermir. Məhbuslar yüz ölçüb-bir biçirlər ki, hansı hallarda qaçmaq daha məqsədəuyğundur. Qaçmağı qarşısına məqsəd qoyan cinayətkarlar ətrafını kifayət qədər dəqiq müşahidə edir və hər şeyi görə bilir. Bunun üçün həbsxanada əməliyyat rejimi çox ciddi və peşəkar olmalıdır. Həbsxana rəhbərliyinin əməliyyat məlumatı olmalıdır ki, kimlərin qaçmağa meyli var”.
Şəmsəddin Əliyev onu da əlavə edib ki, Sovetdövründə hətta lağım atma yolu ilə kütləvi qaçışlar mümkün idi:
“Bu halda onların qaçmaq ehtimalı olan bütün blokların qapadılması ən doğru qərardır. Görünür, qapadılmayıb. Lağım atmaq imkanları olubsa, bu imkanlar daraldılmalı, xüsusi armaturlar bir metr dərinliyə basdırılmalı və həmin nöqtə betonlanmalı, kameralarda kəsici, deşici, batırıcı alətlərin olub-olmaması daim yoxlanılmalıdır”.
Ekspertin fikrincə, “Qoca-Fədayə Laçın” hadisəsi Pentensiar Xidmət üçün bir siqnal idi:
“Həmin hadisə şəxsi heyətin öz xidmətlərində səhlənkarlığının, şəxsi maraqlarının nəticəsi idi. Nəticədə sonradan onu çox çətinliklə zərərsizləşdirdilər. Bütün bunların yenidən baş verməməsi üçün Pentensiar Xidmətdə ciddi islahatlar aparmalıdır”.
Ekspert bildirib ki, həbsxanadan qaçan 15 nəfərin kimliyi və tərkibi, hansı cinayətlər törətməsi barədə məlumat verilmir:
“Bu məlumatlar bizdə olsa, hansı yollardan istifadə edərək qaçması ilə bağlı nəsə demək mümkündür. Hesab edirəm ki, həbsxanadan qaçan 15 məhbus da islah olunmayanlardır. Çünki prinsipial şəkildə qaçmağı qarşısına məqsəd qoyub və bunu bacarıb. Deməli, bunlar qatı cinayətkarlardır və təfəkküründə çoxlu cinayətlərin “yuvaları” qalıb. Bunlar təkrar həbs olunarsa, ən sərt cəzaya layiq görülməlidir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin altı ayında cəzaçəkmə müəssisələrindən qaçanlar 15 nəfər təşkil edib.