Bakıdan Ankara və Antalyaya xüsusi reyslər başlayır

ÖLKƏ
15:31 / 23.09.2020
826

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

Bu barədə EkoNews-a AZAL-dan bildirilib. 

Məlumata görə, Ankaraya aviareyslərin həftədə iki dəfə  - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən keçirilməsi nəzərdə tutulub. Antalyaya uçuşlar isə sentyabrın 30-dan hər həftənin çərşənbə günləri yerinə yetiriləcək. 

Hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir. 

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Koronavirus pandemiyası dövründə  həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. 

Pandemiya dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.

0