Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR 

ÖLKƏ
16:14 / 23.09.2020
1483

Azərbaycanda toyların bərpası ilə bağlı məsələ hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Ticarət mərkəzlərinin, məktəblərin açılmasından sonra toyların keçirilməsinə də icazə veriləcəyi düşünülür. 

Maraqlıdır, şadlıq evləri qonaqları qəbul etməyə hazırdırmı?

Yenisabah.az məsələ ilə bağlı bir neçə şadlıq evi arasında sorğu keçirib:

“Ay İşığı” şadlıq sarayından saytımıza verilən açıqlamada bildirilib ki, bir nəfərlik stolun qiyməti 80-150 manat arasında dəyişir və oktyabr-noyabr aylarında toy etmək üçün həftəiçi boş yerlər var:

“Bizdə 801-ci korpusda VİP zalın tutumu 800 nəfərdir. Bir-iki günə dövlətin bu məsələ ilə bağlı qərarı olacaq. İcra hakimiyyətlərinə zallarda neçə nəfərlik toy etməklə bağlı tapşırıq verilib. Onlar bizə 800 nəfərlik zala 400, 600 nəfərlik zala 300, 300 nəfərli zala 150 nəfərin qəbul olunmasının mümkün olub-olamayacağını deyəcəklər, yəni konkret olaraq hansı zalda nə qədər adamın toplaşmasına icazə veriləcəyi müəyyənləşəcək. Həmçinin masaların neçə nəfərlik olacağı də aydınlaşacaq. Toy etmək üçün oktyabrda da, noyabrda da boş yerimiz var. Amma həftəsonu üçün boş yer ancaq 29 noyabrda var. Stolun qiyməti 80-150 manat arası dəyişir. Bizdə 10 ildir ki, bu qiymətlərdir, heç bir artım yoxdur. 80 manata limitsiz yemək, içki, musiqiçilər, 3 nəfər müğənni, bəy-gəlinin qarşılanması üçün 3 oğlan və 3 qız, 4 oğlan, 1 qızdan ibarət rəqs qrupu, tort, çəkiliş və s. daxildir”.

“Qızıl Buta” şadlıq sarayından isə toy məclisində 300 nəfərdən çox adamın iştirakının mümkün olmayacağı diqqətə çatdırılıb:

“Bizdə 400-450 nəfərlik toy etmək mümkün olmayacaq. Konkret deyilməsə də, məlumdur ki, heç yerdə 300 nəfərdən çox insanın iştirakına icazə verilməyəcək. Bir nəfərlik stolun qiyməti 45-80 manat arasında dəyişir. Oktyabr ayında boş yer yoxdur, noyabr ayının isə sadəcə 24-ü boş yerimiz var. Dekabr ayında həftəiçi boş yerlər var. Qiymətlərə toya aid bütün servislər daxildir”.

“Neolit Holl” şadlıq sarayından verilən məlumatda qiymətlərin və toy etmək üçün uyğun olan tarixlərin  zallardan asılı olaraq dəyişdiyi vurğulanıb. Həmçinin qeyd edək ki, restoranda minimum qiymət 100 manatdan başlayır:

“Bizdə üç toy zalı var. 200 nəfərdən 800 nəfərədək tutumu olan zallarımız mövcuddur. 400-450 nəfəri hər üç zalımız qəbul edir. Minimum qiymətlər bizdə zaldan asılı olaraq dəyişir. Məsələn, “Neolit City”də minimum qiymət 100 manatdır. “Neolit Hall” binası var ki, orada qiymətlər 120 manatdan başlayır. Qiymətə qida, spirtli və spirtsiz içkilər, foyedə olan xidmət və axşam təqdimatında olan rəqs qrupu daxildir. Əlavə ödənişli xidmətlər də var. Oktyabr-noyabr ayları üçün boş yerlər mövcuddur, lakin zaldan asılı olaraq günlər dəyişir”.

“Xan” şadlıq sarayında stol qiymətləri digərləri ilə müqayisədə nisbətən ucuzdur. Zalın tutumunun isə maksimum 650-700 nəfərlik olduğu deyilib:

“Oktyabr ayının 18-i Məhərrəm ayı bitir və 19-dan etibarən toy etmək mümkündür. Həftəsonları oktyabr ayında boş yer tapmaq  mümkün deyil, noyabrda isə sadəcə 22 noyabr üçün toy qeydə alınmayıb. Qiymət menyudan asılıdır. Stolun birinin qiyməti 45-65 manat arası dəyişir. Zalın tutumu isə 650-700 nəfərə yaxındır”. 

0