Toyların bərpa olunacağı və bununla bağlı artıq icra hakimiyyətlərindən şadlıq evlərinə müraciətlər edildiyi haqda məlumat yayılıb.
Axar.az toy mərasimlərinə hazırlıq görülüb-görülməməsi ilə bağlı şadlıq sarayları ilə əlaqə saxlayıb.
“Neolit” şadlıq sarayından bildirilib ki, onlara yerli İcra Hakimiyyətindən heç bir sorğu daxil olmayıb:
“Mart ayından pandemiya dövründə toylarını edə bilməyən şəxslər toy tarixini Məhərrəmlikdən sonraya keçiriblər. Oktyabrın ikinci yarısı daxil olmaqla, noyabr-dekabr aylarında toyların keçirilməsiylə bağlı qeydiyyatlar başlayıb”.
“Park Meridian” şadlıq sarayından məsələ ilə bağlı Operativ Qərargahın qərarını gözlədiklərini qeyd ediblər:
“Buna baxmayaraq, toyları təxirə düşən şəxslər artıq noyabr-dekabr ayları üçün bütün günləri tutublar. Qərar olacağı təqdirdə toy mərasimlərinin keçirilməsinə başlanılacaq”.
“Oskar” şadlıq sarayından da onlara İcra Hakimiyyəti tərəfindən hər hansı təlimat və ya sorğu gəlmədiyi bildirilib:
“Ancaq oktyabrın 18-dən etibarən dekabrın sonuna qədər toy salonlarımız rezerv olunub”.
“Yeganə” şadlıq sarayından isə bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən müraciət daxil olduğu təsdiqlənib:
“Binəqədi Rayon İcra Hakimiyyətindən sorğu verdilər. Zalların sayı, sahəsi və qonaq tutumu ilə maraqlandılar. Yəqin ki, sahəyə uyğun təlimatlar olacaq”.
“Simfoniya Holl” şadlıq sarayının adminstratoru da onlardan zalların sahəsinin soruşulduğunu bildirib:
“Restoranda zalların ümumi sayı, sahəsi haqda məlumat toplayırlar”.