Azərbaycanda vəzifəli şəxsə bəraət verildi

13:00 / 24.09.2020
1196

Sumqayıt şəhər İcra Hakimiyyəti “Təmizlik Departamenti” MMC-nin baş direktoru vəzifəsində işləyən Atəş Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Atəş Rüstəmov 6 sentyabr 2018-ci il tarixdən Sumqayıt şəhər “Təmizlik Departamenti” MMC-nin baş direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi həmin tarixdən 24 oktyabr 2018-ci il tarixədək olan müddətdə Elbrus Şirinovun direktoru olduğu “Az Oil Production Company” MMC-yə məxsus 3.211 kq (247 qutu) toyuq məhsullarının zərərsizləşdirilməklə məhvi və basdırılması, direktoru olduğu cəmiyyətin tullantı poliqonunda həyata keçirilməməsinə baxmayaraq, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 15b ünvanında yerləşən qeyd edilən MMC-nin inzibati binasında həmin müddət ərzində şəxsi niyyətlə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən zərərsizləşdirilməklə məhv edilməsi tədbirləri yerinə yetirilənədək Elbrus Şirinova məsul saxlamaya verilmiş həmin toyuq məhsullarının bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilməsi vəzifəsindən azad etmək üçün rəsmi sənəd olan aktın məzmununa həmin toyuq məhsullarının "DAF” markalı, “JE-40-19” dövlət qeydiyyat nişanlı və “R-77-50” qoşqu nömrəsi olan avtomaşınla “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə məxsus tullantı poliqonuna gətirilərək zərərsizləşdirilib məhv edilərək basdırılmasına dair biləbilə yalan məlumatlar daxil edib.

Atəş Rüstəmov cəmiyyətin qeyd edilən müddətdə baş direktoru işləməyən M.Məmmədovun adından imzasını oxşatmaqla özü icra edib, xidməti istifadəsində olan həmin cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq etməklə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib.

İstintaq orqanı tərəfindən Atəş Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Atəş Rüstəmova qarşı irəli sürülmüş ittiham sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Atəş Rüstəmovun barəsində olan bəraət hökmünün ləğv edilməsini, onun barəsində ittihamedici hökmün çıxarılmasını tələb edib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun apelyasiya protesti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti verib. Ali Məhkəmə prokurorun kasasiya protestini təmin etməyib.

0