Azərbaycanda illik olaraq gəlirlərin deklorasiyası sistemi hələ ki tətbiq olunmur. Amma yaxın zamanlarda bu, reallaşa bilər.
Milli Məclisin üzvləri də məsələ ilə bağlı qanunun qəbulunu mümkün sayırlar.
“Yaxın vaxtlarda “Gəlir deklorasiyası haqqında” Qanunun qəbul ediləcəyinin şahidi olacağıq”.
HİT.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov qeyd edib ki, ölkə başçısının yürütdüyü siyasət məhz həmin qanunun qəbuluna istiqamətlənib:
“Qanunun işləməsi üçün Nazirlər Kabineti tərəfindən normativ sənədlər təsdiqlənməlidir. O sənədlər təsdiq edildikdən sonra heç bir problem olmayacaq. Cənab Prezident tərəfindən aparılan islahatlar, yeni siyasi-iqtisadi modelə keçid göstərir ki, qanun qəbul ediləcək.
Qanunun işlək hala gəlməsi üçün ortada olan problemlər ölkə başısı tərəfindən həll edilməkdədir. Dövlət başçısının apardığı islahatların da məqsədi şəffaflığın təmin olunmasına xidmət edir.
Son vaxtlar korrupsiyaya qarşı həyata keçirilən tədbilər, həbslər göstərir ki, artıq “Gəlir deklorasiyası haqqında” Qanunun vaxtı yetişib”.
Deputatın sözlərinə görə, ən azından 2021-ci ilin yanvarından qanunu tətbiq etmək olar.
Qeyd edək ki, gəlirlərin deklorasiya sisteminin tətbiqi korrupsiyaya qarşı mübarizənin əsas elementlərindən biri hesab olunur. Bu, şəffaflığı təmin edəcək əsas şərtlərdən biridir.