Ermənistanın müdafiə büdcəsi ona yeni silahlar almağa imkan vermir.
Bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Rəşad Süleymanovun sözlərinə görə, silah və hərbi texnika dünyada çox xərc tələb edən sahələrdən biridir:
"Ermənistanın hərbi büdcəsinin mövcud vəziyyəti həm hərbi qüvvələrin təmin olunmasına, həm də texnikanın alınmasına imkan vermir, amma Ermənistan bu vəziyyəti Rusiyanın vasitəsilə kompensasiya edir. Ötən əsrin 90-cı illərinin sonlarında Rusiya Ermənistana 27 ədəd "Skad” operativ-taktik raketi də daxil olmaqla, 1 milyard ABŞ dolları dəyərində silah və hərbi texnikanın təmənnasız ötürülməsini həyata keçirdi. Sonrakı illərdə də ölkələr arasında həmin tendensiya müşahidə olunub. 2006-2007-cı illərdə Axalkələk və Batumda yerləşən Rusiyaya məxsus köhnə hərbi bazaların silah və texnikasının bir hissəsi Ermənistana daşındı. Rəsmi məlumata görə, həmən dövrdə 16 "Akasiya” özüyeriyen artilleriya qurğusu Ermənistana bağışlandı, o cümlədən çox sayda nəqliyyat vasitəsi, müxtəlif döyüş sursatları da Ermənistana verildi. Ermənistanın bu cür təmənnasız silahlandırılmasında Rusiya xüsusi rol oynayır. Rusiyadan əlavə bu siyahıya Serbiya və İordaniya kimi ölkələr də daxildir”.
Ekspert bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu da onun silahlanmasına yardım edir:
"Rusiyanın Ermənistana yeni silah və texnikaların alınması üçün bir müddət öncə 200 milyon ABŞ dollar dəyərində kredit ayırmasını xatırlatmaq istərdim. Bu çərçivədə Rusiya müxtəlif silahların, o cümlədən Su-30SM döyüş təyyarələrinin, TOS-1A sisteminin, TOR zenit-raket kompleksinin və müxtəlif atıcı silahların Ermənistana gətirilməsini təmin etdi. Müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, Rusiya təmənnasız olaraq 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80 zirehli transportyorları, 152 mm çaplı 2A65 Msta-B, 152 mm çaplı 2A36 Giatsin-B, 2S3M Akatsiya, həmçinin 122, 240, 300 mm-lik reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion "Kub” zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb”.
Hərbi mütəxəssis qeyd edib ki, Ermənistanın bu cür intensiv silahlandırılmasının arxasında onun müttəfiqləri dayanır və onlar ermənilərə, demək olar ki, pulsuz-parasız silah verirlər:
"Müttəfiq ölkələr köhnə texnikanı vermək adı ilə düşmənimizə kömək göstərirlər. Xaricdən gələn bu təmənnasız silahlar Ermənistanı sülh masasına oturmamağa təşviq edərək, onlara güc verir. Nəticədə düşmən ölkə öz işğalçı siyasətindən əl çəkmir”.