Sürücü nömrəni saxtalaşdırdı, cərimələr müğənniyə gəldi – DYP-dən AÇIQLAMA

ÖLKƏ
16:17 / 26.09.2020
910

Xəbər verdiyimiz kimi Əməkdar artist Nigar Şabanova ona məxsus “Mercedes” markalı avtomobilin 90-SE-012 dövlət nömrə nişanının “Honda” markalı başqa bir sürücüdə də olduğunu bildirib. Müğənni Dövlət Yol Polis İdarəsinə bununla bağlı bir ay öncə şikayət etdiyini, lakin problemin hələ də həl edilmədiyini və həmin sürücüyə görə hər dəfə ona cərimə gəldiyini bildirib.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev saytımıza açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:

“Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda “Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxcuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah bu xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”.

0