Milli Məclis ziyalıların bu təklifini qəbul etmədi (FOTO)

ÖLKƏ
16:51 / 20.05.2020
1139
Milli Məclisin “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Yubiley Medalının təsis olunması barədə qərarında “Böyük Vətən Müharibəsində Qələbənin” ifadəsinin “Faşizm üzərində Qələbənin” ifadəsi ilə əvəzlənməsinə dair Azərbaycanın bir qrup ziyalı, media və ictimaiyyət nümayəndələrinin Milli Məclisə imzaladığı müraciətə cavab məktubu göndərilib.
 
HİT.Az xəbər verir ki, bu barədə müraciətin təşəbbüskarı QASİM İctimai Birliyinin başqanı Anar Əsədli  məlumat verib.
 
Məluamta əsasən, Milli Məclis Aparatının Dövlət Quruculuğu üzrə Qanunvericilik şöbəsindən göndərilən məktubda bildirilir: "MDB dövlət başçıları Şurasının 2008-ci il 10 oktyabr və 2013-cü il 15 oktyabr tarixli qərarlarına uyğun olaraq, MDB məkanında bu qələbəyə yanaşmanın vahidliyini təmin etmək məqsədilə adıçəkilən medalın “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı kimi təsis edilməsi məqəsədəmüvafiq hesab edilmişdir".
Qeyd edək ki, Milli Məclisin “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Yubiley Medalının təsis olunması barədə qərarında “Böyük Vətən Müharibəsində Qələbənin” ifadəsinin “Faşizm üzərində Qələbənin” ifadəsi ilə əvəzlənməsinə dair  müraciətə ümumilikdə 267 nəfər qoşulmuşdu.
 
Müraciətdə deyilirdi:

"SSRİ-nin, daha sonra özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyasının Böyük Vətən Müharibəsi adlandırdığı 1941-45 savaşı II Dünya Savaşının bir epizodudur. Azərbaycanın bu savaşda iştirakına gəlincə, 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri SSRİ-nin ərazilərinə qatıldığı üçün azərbaycanlılar Sovet qoşunlarının tərkibində II Dünya Savaşının iştirakçısı olublar. Bundan başqa, döyüşlər Azərbaycan ərazisində getməyib, medalın adındakı “Böyük Vətən” SSRİ-də yaşayan xalqların iradəsi ilə 1991-ci ildə tarixə qovuşub və hüquqi cəhətdən bu gün heç bir Azərbaycan vətəndaşı üçün vətən sayılmır.
 
Sadalanan səbəblərə görə, sovet düşüncə tərzinin məhsulu olan “Böyük Vətən Müharibəsi” ifadəsinin Azərbaycan Respublikasının istisnasız olaraq bütün hüquqi sənədlərində, eləcə də elmi-siyasi leksikonunda “II Dünya Savaşı” ifadəsi ilə əvəzlənməsini məqsədəuyğun saydığımızı bəyan edir, Milli Məclis rəhbərliyini qanun yaradıclığında Azərbaycan Respublikasının suverenliyinə təhdid kimi səslənən bu cür ifadələrə yol verməməyə çağırırıq".
0