Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

ÖLKƏ
16:25 / 27.09.2020
715

Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Hit.Az-a verilən məlumata görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişlər.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymiş, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilmişdir.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.

1