Yeni inşa ediləcək “ASAN xidmət”in eskizi yayıldı  (FOTO)

ÖLKƏ
19:05 / 21.05.2020
1218
“Bakı, Gəncə və Sumqayıtda növbəti “ASAN xidmət” mərkəzləri tikiləcək”.
 
Bunu HİT.Az-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, 2021-ci ilin sonuna kimi “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatdırılacaq:
“Hazırda ölkəmizdə 18 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır. Həmçinin, Bakı şəhərində əhaliyə kommunal xidmətlər göstərən iki “ASAN Kommunal” Mərkəzi fəaliyyət göstərir.
 
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, eləcə də, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə, 320-dən çox müxtəlif xidmət göstərilir. 2012-ci ildən fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlərin sayı 37 milyonu ötüb. Rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır”.

E.Niftəliyev onu da əlavə edib ki, bu ilin sonunda Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur:

“Onların hər biri regional xarakter daşıyır. Bununla yanaşı, Bakıda “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır. Həmçinin, Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri tikiləcək.
Hazırda “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Növbə tutmaq üçün “ASAN xidmət” mobil tətbiqi “IOS” və “Android” əməliyyat sistemlərindən yüklənilir.

Eyni zamanda, www.asan.gov.az saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsilə və 108 “Çağrı Mərkəzi”nə zəng etməklə növbə götürülə bilər”.

“Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar mayın 24-dən 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq”, - deyə E.Niftəliyev qeyd edib.

Xatırladaq ki, Sumqayıtda inşa ediləcək yeni “ASAN xidmət” mərkəzinin eskizləri yayımlanıb.
0