Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.
Bu barədə Hit.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.
Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.