Cəlilabad rayonunun Boyxanlı kəndində elektrik dirəkləri çürüyüb, transformatorlar yararsız vəziyyətə düşüb.
Baku.Tv xəbər verir ki, rayon mərkəzindən 50 kilometr aralıda yerləşən bu ucqar kənddə əhali payız-qış aylarında həmişə əziyyət çəkib.
Yağış, qar yağanda və güclü külək əsəndə işıqlar sönür, kənd saatlarla qaranlığa qərq olurdu.
Ölkənin digər ucqar kəndlərində olduğu kimi, “Azərişıq” ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində yeddi yaşayış məntəqəsini özündə birləşdirən Boyxanlıda da elektrik təsərrüfatının yenilənməsinə başlanılıb. Bu da illərlə işıq sarıdan əziyyət çəkən sakinlərin sevincinə səbəb olub.
Hazırda Boyxanlı kəndində xüsusi maşınlarla torpaq qazılaraq elektrik dirəkləri basdırılır, köhnələri yenisi ilə əvəzlənir. Bundan sonra sıradan çıxmış elektrik xətləri dəyişdiriləcək, istismar müddəti başa çatan transformatorların yerinə yeniləri quraşdırılacaq.
Qurum rəsmisinin sözlərinə görə, yenidənqurma işləri bütün respublikanı əhatə edir. Bu günə qədər 500 yaşayış məntəqəsində elektrik təsərrüfatının yenilənməsi başa çatdırılıb. İşlər mərhələli şəkildə digər kənd və qəsəbələrdə davam etdiriləcək.