Qarabağ müharibəsinin qazisi, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmiş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Raquf Orucov hansı səbəblərdən bu günə qədər Milli Qəhraman Fəxri adına layiq görülməyib?
Hansı qüvvələr torpağı şəhid, anası şəhid, özü şəhid olan qəhramanlıqları ilə sağlığında əfsanəyə çevrilmiş “Murov Qartalı” adını alımış briqada komandirinə layiq olduğu bu adın verilməsinə əngəl olur?
Hit.Az xəbər verir ki, bu və digər məqamlara aydınlıq gətirmək məqsədilə Konkret.az saytı şəhidin həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə əlaqə saxlayıb.
– Sevinc xanım, bildiyimiz qədər aprel döyüşlərinin əfsanəvi qəhramanı, Briqada komandiri Raquf Orucova hələ də “Milli Qəhraman” fəxri adı verilməyib. Bildiyimiz qədəri ilə bu adın alınması üçün müraciət olunub, lakin Müdafiə Nazirliyi tərəfindən imtina olunub. Nədir bunun səbəbi?
– Kaş biz də bunun səbəbini biləydik. Müdafiə Nazirliyi bu adın alınması üçün xidmətlərin yetərli olmadığını səbəb gətirərək Milli Qəhraman adının verilməsindən imtina edib. Lakin, Raquf sağlığında o xidmətləri göstərmişdi və vətən qarşısında bu xidmətləri heç bir zaman işıqlandırılmasında, ictimailəşdirilməsində maraqlı olmamışdı.
– Milli Qəhraman adının alınması üçün hansı kriteryalar tələb olunur, bir maraqlanmısınızmı?
– Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Milli Qəhraman adının alınması üçün hansı kriteryalar üzrə təqdimatları hazırlayır, necə hazırlayır mən hələ də anlaya bilmirəm. Bütün bu baş verənlərə görə də çox təssüfləndiyimizi bildirirəm. Bu gün Raqufun bu adı almasında haqqı var, bu haqqı, bu qiyməti ona Azərbaycan xalqı verib. Xalqın da dəyəri bizim ailə üçün bizim şəhidimizə verilən ən uca dəyərdir. Bu gün Raquf Orucovun adı ilə bir sıra böyük işlər görülür, bu bizə yetər. O ki, qaldı rəsmi ada inanıram ki, bu məsələ də özünün müsbət həllini tapacaq.
İnanıram ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya bu həqiqətlər çatdırılacaq. Mən şəxsən Raqufla bağlı həqiqətlərin çatdırılmasına var gücümlə çalışacam. Əminəm ki, gecikmiş də olsa rəsmi qaydada Raquf Orucov dəyərli haqqını alacaq. Heç bir həqiqət gizli qalmır, xalqın gözü insanların dəyəri ən böyük tərəzidir.
Raqufun dəfn mərasimində Müdafiə Nazirliyinin bir nəfər belə olsun rəsmisi iştirak etmədi. Hansı ki, Raquf Orucov aprel döyüşlərində şəhid olmuş yeganə hərbi hissə komandiri idi.
Lakin, xalq Raqufu sevgi və böyük izdiham ilə dəfn etdi. Bu gün də insanların, Azərbaycan xalqının sevgisi bizə böyük dəstəkdir və ədalət mütləq yerini tapacaqdır.
Qeyd edək ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir. Raquf Orucov briqada komandiri ola-ola ermənilərin içərisinə tək kəşfiyyata gedib qayıdan bir hərbiçi olub.
Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən, Heydər Əliyevin də izlədiyi ermənilərin qərargahının toplantısını çəkib gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.
Eyni zamanda aprel döyüşlərinin şahidlərinin dediyinə görə, xüsusi təyinatlı qoşun növü üzrə bütün dərəcələri alan “qırmızı beret”li gizir Pəncəli Teymurovla ən öndə olan zabitdir Raquf Orucov.
Bütün bunlara baxmayaraq Raquf Orucov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı Fəxri adına layiq görülməyib və bu ailəsi tərəfindən haqlı narazılıqla qarşılanıb.
Şəhid polkovnik Raquf Orucovun aprel döyüşlərinə qədər olan Fəxri Adları aşağıdakılardır:
• “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
• (1998) — “Hərbi xidmətlərə görə” medalı
• (2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
• (2003) — “Qüsursuz xidmətə görə” III dərəcəli medalı
• (2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
• (2008) — “Qüsursuz xidmətə görə” II dərəcəli medalı
• (2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
• (2013) — “Qüsursuz xidmətə görə” I dərəcəli medalı
• (2016) — “İgidliyə görə” medalı../nocomment.az