Kənd Təsərrüfatı Nazirliyinin 140 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub.
HİT.Az-a daxil olan məlumata görə, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin də yüzlərlə əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş əməkdaşlarımızdan 140 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.
Düşmənə layiqli cavab verən Ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən nazirlik əməkdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Nazirlik əməkdaşları əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə cəbhəyanı rayon və kəndlərə ezam olunub. Nazirlik əməkdaşları təmas xəttinə yaxın ərazilərdə mütəmadi monitorinq aparır, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlər verirlər. Təmas xəttinə yaxın kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətdə saxlanılır.