Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bu baxımdan vətəndaşların əksəriyyəti internetə qoşulmanı təmin etmək üçün pulsuz “VPN” proqramlarına qoşulur. Son günlər isə proqrama qoşulmaqda problem yaşayan vətəndaşlar mobil operatorlar tərəfindən “VPN”ə hər hansı bir qadağanın tətbiq olunduğunu iddia edirlər.
Mobil operatorlarımız sözügedən məsələyə münasibət bildirib.
“Nar”ın mətbuat xidmətindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, abunəçiləri üçün “VPN” tətbiqlərinin yüklənməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:
“Abunəçilərimizin məlumatlarının məxfiliyini tam təmin etmək məqsədilə, yalnız “Nar+” tətbiqi və nar.az səhifəsinə giriş məhdudlaşdırılıb. “VPN” tətbiqindən istifadə zamanı telefonunuzdakı məlumatlar, o cümlədən müxtəlif proqramlara giriş üçün istifadə etdiyiniz şifrələr üçüncü tərəflərin əlinə keçə bilər. Abunəçilərimizi məlumatlarının təhlükəsizliyini qorumağa çağırır və “VPN” tətbiqlərindən istifadə etməyi məsləhət görmürük”.
“Bakcell” şirkəti də hər hansı qadağanın olmadığını bildirib və əlavə edib ki, bütün abunəçilər “VPN” və digər vasitələrdən istifadə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qayda və tövsiyələrinə əməl etsin:
“İndiki dövrdə bütün vətəndaşlar cari vəziyyəti anlayışla qarşılamalı, kibertəhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Eyni zamanda, mobil telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirmək çox vacibdir”.
“Azercell Telekom”-dan bildirilib ki, təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, sosial şəbəkə və saytlardan istifadə üçün abunəçiləri yalnız internet şəbəkəsi ilə təmin edir:
“Abunəçilərin istifadə etdiyi cihazların (mobil telefon, planşet və s.) sazlanması, o cümlədən istifadə, təhlükəsizlik qaydaları və s. barədə “Azercell Telekom” MMC cavabdehlik daşımır”.