"Orduya kənardan qida, siqaret, su verilməməlidir”.
Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə orduya edilən fərdi dəstəkdən danışarkən deyib. Azad İsazadə Müdafiə Nazirliyinin mövqeyi ilə tam razı olduğunu deyib:
"Birincisi, özəl klinikalarda da müalicə olunan xəstələrə kənardan nəsə gətirilməsinə icazə yoxdur. Eləcə də dövlət kilinikaları da buna icazə vermir. Çünki onların arasında xarab olmuş qidalar ola bilər. Bu zaman məsuliyyət klinikanın üzərinə düşür. Orduda da bu, sözsüz ki, daha ciddi məqamdır. Düşmən də nəsə göndərə, zəhərləyə bilər. Ona görə də tam razıyam ki, orduya kənardan qida, siqaret, su verilməsin. Kim istəyirsə, Yardım Fondu var, ora pul köçürsün. Ya da anbarlara yardım etmək olar. Anbarlarda məhsullar yoxlanılır və harada daha çox ehtiyac varsa, ora aparılır".
Azad İsazadə qeyd edib ki, ordu tam olaraq dövlət büdcəsindən maliyyələşir:
"Hər hansı ehtiyac yoxdur. İnsanları başa düşürəm, cəbhəyə gedə, silah götürə bilmirlər, ürəkləri yanır, bunun müqabilində hansısa formada əsgərlərə yardım eləmək istəyirlər. Amma onlar başa düşməlidir ki, bunun ziyan da da ola bilər. "Qaş düzəldən yerdə gözü də çıxara bilərlər" məsəli kimi. Yardım Fondu var, ən yaxşısı ora pul köçürsünlər. Bundan əlavə, şəhid olmuş ailələrə kömək eləsinlər. Yaralılarımız da var, onların ailələrinə dəstək versinlər. Kimsə fərdi kömək etmək istəyirsə, qonşuluğunda, qohumlarında, yaxud da cəbhədə olan tanıdığı birinin ailəsinin ehtiyacını qarşılasın. Bunun özü də yardımdır. Formalar çoxdur, mütləq deyil ki, hamımız cəbhə bölgəsinə qaçıb bir-bir əsgərləri yedizdirək".