Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
HİT.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, bu, Ermənistan bir daha hansısa bir dəyərdən, sivil davranışlardan uzaq olduğunu nümayiş etdirir:
"Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirir. Amma Azərbaycan Respublikası özünün yüksək dəyərini, yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli, sülhə məcbur etmə əməliyyatı davam etdirilir. Burada da məqsəd Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin təmin edilməsidir. Ermənistan tərəfi son dövrlər raket texnologiyalarından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikası da legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".