Bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, mətbuat konfransında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva məlumat verib ki, Aznif Baqdasaryan Düşənbədə anadan olub, onun nənəsi Bakıda yaşayıb və o da hər yay Bakıya nənəsinin yanına gəlib.
A.Sofiyeva deyib ki, onunla söhbətdə Aznif Baqdasaryana da bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altında olan torpaqlarımızı azad etməkdir: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.
A.Baqdasaryan isə “Mənim üçün pis xalq və pis insan olmayıb. Biz də müharibə istəmirik. Biz də övladlarımızın yetim, evsiz qalmasını istəmirik. Sovet İttifaqında olduğu kimi bir yerdə yaşamaq istəyirik. Biz, əsasən, sülhpərvər əhaliyik. Bombalardan mülki insanlar əziyyət çəkir. Onlardan biri də mənəm. Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. 3 sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər”, deyib.
A.Baqdasaryan iki xalqın uzun müddət dostluq şəraitində yaşadığını vurğulayıb: “Biz yüz illərlə müharibə aparmalı deyilik. İstəmirik ki, analar uşaqlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın”.
A.Baqdasaryan Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.