“Təəssüf ki, BMT TŞ öz qətnamələrinə hörmət etmir”

ÖLKƏ
17:40 / 07.10.2020
947

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün BBC telekanalına müsahibəsində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədən danışıb və onları təhrif edib. Erməni liderinin cavablarından belə məlum olub ki, o, həmin qətnamələrin mahiyyətindən məlumatsızdır.

BBC-nin müxbirinin “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözlərindən sonra  çətin vəziyyətə düşən Paşinyan söz tapa bilməyərək “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənib. Jurnalist ona “Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir” kimi suallar yağdırması Ermənistan Baş nazirini çıxılmaz vəziyyətə salıb.

Bəs BMT-nin qəbul etdiyi qətnamələrin mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?

Hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün qətnamələr Azərbaycanın əraziləri işğal olunduqca çıxarılıb və hər birində qeyd-şərtsiz Azərbaycan ərazilərinin işğalının dayandırılması və azad olunması nəzərdə tutulur:

“Qətnamə mahiyyət etibarilə o günün şərtlərində qəbul olunmuş və beynəlxalq ictimaiyyətin və eyni zamanda beynəlxalq hüququn əmr etdiyi ərazi bütövlüyünün qorunması və başqalarının ərazilərinə zor tətbiq edərək dəyişdirilməsinin mümkünsüzlüyü prinsipi çərçivəsində qəbul olunub. O baxımdan, təhrif olunması qətnamənin hüquqi qüvvəsini dəyişmir”.

Ə. Məmmədli həmçinin bildirib ki, həmin qətnamələr bu gün də qüvvədədir. Lakin ali qurum öz qətnamələrinə hörmət etmir:

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət etmir. ATƏT-in Minsk qrupu da bu qətnamələrdən doğan beynəlxalq hüquq çərçivəsində bu münaqişənin həllində vasitəçi idi. Beynəlxalq hüquq isə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü qorunma prinsipini qəbul edir. BMT-yə üzv olan bütün dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar. Burada heç bir şübhə yeri yoxdur. Paşinyan nə düşünürsə düşünsün, onun obyektiv təsirini dayandıra bilməz, ləğv edə bilməz”. 

Qeyd edək ki,  Ermənistanın Azərbaycan torpaqlarını - Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulinin işğal olunmasıyla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunsa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.

0