Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir

18:23 / 09.10.2020
744

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.

Dövlət Xidmətindən verilən məlumata görə, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilən və qarşıdakı üç ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.

0