Türkiyədən qardaş dəstəyi: “Milliyetçi hekimler derneyi” tibbi yardım göndərdi

ÖLKƏ
14:25 / 10.10.2020
1005

Artıq nəinki müttəfiq ölkələrdə dünyanın bir çox yerində də Azərbaycan ordusunun gücü, xarici və daxili siyasəti öz sözünü dedi. Hazırda cəbhədə ordumuz tərəfindən birbaşa uğurlu əməliyyatlar həyata keçirilir. Bu istiqamətdə də mənəvi olaraq, ən böyük dəstəkçimiz təbii ki, qardaş Türkiyədir.

Bir neçə gün əvvəl ordumuzun tam təminatı Azərbaycan dövləti tərəfindən rəsmi elan olunsa da Türkiyə dostluq mövqeyini bir daha nümayiş etdirdi. Belə ki, Türkiyədə fəaliyyət göstərən “Milliyetçi hekimler derneyi” əsgərlərimiz üçün bir sıra dərman preparatları o cümlədən, cərrahi müdaxilələr üçün tibbi əşyalar və ləvazimatlar göndərib.

Dərnəyin ölkəmizdə olan rəsmi nümayəndəsi Rəşad Rza İqtisadiyyat.az-a bildirib ki, hissə-hissə yollanan tibbi yardım qutularının sayı 50 ədəd planlaşdırılıb. 

"Biz tibbi yardım qutularını bəzi səbəblərdən dolayı eyni vaxtda gətirə bilmirik deyə hissəli şəkildə göndəriləcək. Bütün bu tibbi ləvazimatlar, dərmanlar yüzlərlə əsgərin müalicəsində istifadə olunacaq. Və qutular birbaşa TƏBİB-in istifadəsinə verilir. Yardımların bir qismi də elə TƏBİB tərəfindən Baş hərbi hospitala göndəriləcək."

Xatırladaq ki, “Milliyetçi hekimler derneyi”nin sədri Yavuzhan Başın dəstəyi ilə bundan əvvəl də Aprel döyüşləri, Tovuz hadisələri zamanı, Qurban bayramında və digər əlamətdar günlərdə də Azərbaycana tibbi yardımlar göndərilmişdi.

0