Mingəçevir elektrik stansiyasının Azərbaycanın ümumi enerji təminatında payı 15% təşkil edir.
HİT.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev deyib.
Onu sözlərinə görə, bu stansiya əsasən elektrik enerji ixracı üçün yenidən qurulub və istifadə olunur: "Bildiyiniz kimi, Azərbaycan Gürcüstana, eləcə də Türkiyə üzərindən elektrik enerjisini Avropa ölkələrinə ixrac edir".
ASC-nin prezidenti bildirib ki, hazırda elektrostansiya normal rejimdə fəaliyyət göstərir.
"Düşmənin məqsədi hamıya aydındır. Azərbaycan əhalisi arasında imansızlıq yaratmaq, bu strateji obyekti hədəf nöqtəsinə çevirməklə ölkə iqtisadiyyatına zərbə vurmaq. Mən çox böyük şərəflə demək istəyirəm ki, bu gün bizim bu cür elektrik stansiyalarımız Azərbaycanda çoxdur. Azərbaycanın 20 min energetiki arxa cəbhədə Ali Baş Komandanın bütün göstərişlərini yerinə yetirməyə hazırdır. Biz Azərbaycan xalqını enerjisiz qoymayacağıq, cəbhədə necə, burada da uğurlarımız həmişə yüksək səviyyədə olacaq", - deyə B. Rzayev qeyd edib.