Prezidentin köməkçisindən mühüm açıqlama: “Qələbə xəbərlərini gözləyək”

ÖLKƏ
10:26 / 13.10.2020
3344

Təcavüzkar Ermənistanın barbarlıq və faşizm ideologiyasından əl çəkməyərək, cəbhə xəttindən kilometrlərcə uzaqlıqda yerləşən, heç bir hərbi məqsədli obyektlərə aidiyyətı olmayan ərazilərimizi, şəhərlərimizi, dinc əhalimizi hədəfə alması bir daha sübut edir ki, düşmənin bu qədər aqressivləşməsi onun Qarabağ cəbhəsində aldığı ağır, sarsıdıcı məğlubiyyətləri ilə barışmamasıdır, həzm etməməsidir.

HİT.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev erməni silahı qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi endirməsini, nəticədə mülki vətəndaşlarımızın həyatını itirməsini və çox sayda qadın və uşaqların yaralanmasını şərh edərkən deyib.

General-polkovnik bildirib ki, rəşadətli Silahlı Qüvvələrimizin zəfər yürüşü istər işğalçı Ermənistanı, istərsə də onların marioneti olan qondarma, saxta “dqr”i ciddi şəkildə təlaşlandırıb və nəticədə düşmən yenidən masa arxasına oturmaq çağırışları etdi: “Bildiyimiz kimi, Moskvada XİN rəhbərlərinin görüşü oldu və 11 saat davam edən görüşdə humanitar atəşkəs əldə edildi. Lakin biz nəyi müşahidə etdik? Hətta danışıqların getdiyi bir zamanda, eyni zamanda danışıqlar bitdikdən sonra düşmən sakit dayanmadı, əksinə daha da aqressiv və qanlı əməllərə rəvac olan addıma getdi. Bütün bunlardan sonra növbəti dəfə sübut olundu ki, humanizm ifadəsinin qarşı tərəfə ümumiyyətlə aidiyyətı yoxdur. Hesab edirəm ki, işğalçılar bütün bunlara görə mütləq cavab verəcəklər və məsuliyyət də birmənalı olaraq Ermənistan rəhbərliyinin üzərində düşür”.

Beynəlxalq qurum və təşkilatların, insan haqları təşkilatlarının Gəncə şəhərinə endirilən raket zərbəsindən dərhal sonra nəyə görə heç bir bəyanat, şərh verməmələri sualını da cavablandıran Məhərrəm Əliyev bildirib ki, belə bir münasibətin nümayiş olunması hiddət doğurur və beynəlxalq aləmdə nüfuzu olan qurumlar bu vəhşiliyə, barbarlığa qarşı susqun davranmamalıdırlar: “Artıq dünyanın bir çox aparıcı media qurumları Gəncədə baş vermiş hadisəni işıqlandırıblar, dünya ictimaiyyəti hadisədən xəbərdardırlar. Düşünmürəm ki, beynəlxalq təşkilatlar həmin hadisədən xəbərsizdirlər, sadəcə təəssüf ki, biz bir daha müxtəlif bənzər məqamlarda müəyyən ikili standartları müşahidə edirik və əslində belə qeyri-müəyyənliklər bizi narahat etmir. Ancaq buna baxmayaraq, dünya ictimaiyyətinin, çoxsaylı ictimai-siyasi dairələrin kəskin etirazlarını da gözləyirik. Çünki ortada insanlarımızın həyatını itirməsi, mülki vətəndaşlarımızın təhlükə altında olması faktı var və buna görə susqun qalmağın özü də işğalçı cinayətkarlara, qatillərə dolayısı ilə haqq qazandırmaq görüntüsünü yaradır. Halbuki haqq, ədalət Azərbaycanın tərəfindədir və bunu Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə vurğulayıb. Düşmən layiq olduğu cavabını bundan sonra da alacaq, cinayətlərinə görə cəzalandırılacaq. Bu gün biz dövlət başçımızın tvitter hesabındakı qeydində də bu gerçəkliyi gördük. O, vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətinə görə məsuliyyət daşıyır və Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək”.

General-polkovnik bir sıra dairələrin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmağa yönəlmiş fəaliyyəti məsələsinə də toxunaraq bildirib ki, Rusiyanın bir qrup KİV-ləri dezinformasiya və yalan xarakterli məlumatlar yaymaqla, xüsusilə iki ölkə arasında yanlış düşüncələrin yaradılmasına, bu vasitə ilə mövcud münasibətlərə xələl vurmağa cəhd edirlər: “İnanıram ki, sağlam düşüncəli insanlar bu cür "jurnalist"lərin, "bloger"lərin uydurduqları yalanlara inanmırlar və yaxşı bilirlər ki, feyk xəbərlər nəticəsiz qalır. Daha doğrusu, saxta informasiyalar həqiqəti, reallığı üstələyə bilmir. Bu baxımdan, ölkələrimiz arasındakı münasibətləri pozmağa çalışanlar istədikləri nəticələri vermir. Elə Gəncədə baş vermiş düşmən təxribatından sonra dünyanın ən aparıcı media qurumlarının hadisəni doğru istiqamətdə işıqlandırmaları da əvvəlcə yayılan feyk xəbərlərin üzərindən çalın-çarpaz xətlər çəkmiş oldu”.

Xarici ölkələrdən Ermənistana humanitar yardım adı altında silah-sursatların göndərilməsi faktlarına da toxunan Məhərrəm Əliyev vurğulayıb ki, bu gün münaqişə tərəflərini atəşkəsə dəvət edən ölkələrin humanitar yardım adı altında məhz qəsbkarlara, işğalçılara silah göndərmələri faktları hiddət və təəssüf doğurur: “Məgər həmin ölkələr bilmirlərmi ki, qanunsuz yollarla, eləcə də bütün aviadaşıyıcılıq konvensiyalarını pozmaqla göndərdikləri müxtəlif cür silah-sursatlar dinc sakinlərimizə, mülki vətəndaşlarımıza, uşaqlarımıza, qadın və yaşlılarımıza qarşı tətbiq olunur? Yuxarıda da qeyd etdiyim kimi, bax bu cür amillər bizləri bir daha düşünməyə, nəticə çıxarmağa vadar edir”.

“Ermənistanın hər zaman xarici ölkələrin əllərində maşa rolunu oynadığı sirr deyil”, deyən Prezidentin hərbi məsələlər üzrə köməkçisi hesab edir ki, bundan ən çox əziyyət çəkən də məhz sadə erməni xalqı olur: “Bunun bilavasitə günahkarı Ermənistanın cinayətkar rejiminin baş naziri Nikol Paşinyandır. Onu nə xalqın, nə də ölkənin taleyi maraqlandırmır, onu maraqlandıran yeganə məsələ Sorosa xidmət etmək, onun əmrlərini yerinə yetirməkdir. Əbəs deyil ki, Paşinyan müxtəlif siyasi dairələrdə siyasi fiqur olaraq qiymətləndirilmir, əksinə o siyasi alət, oyuncaq olaraq istifadə olunur. Bunu dünyanın bütün siyasi cameəsi də bilir və dərk edir. Yəni fakt budur ki, Ermənistan illərdir ki, digər dövlətlər üçün oyun məkanına çevrilib. Bu gün Ermənistan xalqının ac, səfil və ölkənin bütün regional və beynəlxalq layihələrdən kənarda qalması da bunu isbatlayır. İndi də Azərbaycana qarşı qısqırdılan işğalçı ölkənin hərbi-siyasi hakimiyyəti, xunta rejimi növbəti dəfə erməni diasporunun dəstəyi sayəsində müxtəlif terror qruplaşmaları ilə anlaşmaya girir, regionda yeni terror küləyi əsdirməyə cəhdlər göstərirlər. Məhz bu kimi qanlı əməllər fonunda Paşinyan özünün primitiv rolunu oynamaqda davam edir. Əlbəttə ki, erməni baş nazir bunun da əziyyətini çəkir və çəkməkdə də davam edəcək”.

Məhərrəm Əliyev bir daha vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfindən fərqli olaraq mülki əhali ilə heç bir işi yoxdur, Azərbaycan əsgəri onun torpağına göz dikən, işğal etmək istəyən düşmən əsgərini, onu idarə edən hərbi-siyasi rəhbərliyi hədəfə alıb: “Vaxt gələcək və torpaqlarımız tam işğaldan azad olunandan sonra erməni xalqının bu torpaqlarda yaşamaq imkanı tanınacaq, onlar da Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edəcəklər. Azərbaycan insan hüquqlarını bütün konvensiyalar əsasında tanıyan tolerant, sülhpərvər ölkədir. Lakin, təəssüf ki, bu gün Ermənistanda əsrlərdən bəri formalaşmış anti-Türk, anti-Azərbaycan baxışı kök salıb. Bizə qarşı qəsbkarlıq, kirli məqsədlər üçün yaradılan bu fobiya sanki düşmənin qanına qədər işləyib. Amma buna baxmayaraq, biz hər zaman sülhün tərəfdarı olaraq çıxış edirik. Bu sülhə qarşı çıxan təcavüzkar və işğalçılara isə hər zaman cavab vermişik, bundan sonra da verəcəyik”.

“Düşmən onlara verilən son şansdan istifadə edə bilmədi”, deyən Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Azərbaycan Ordusunun bundan sonra hansı tədbirlər görəcəyi ilə bağlı sualı da cavablandırıb. Vurğulayıb ki, Silahlı Qüvvələrimiz öz mövqelərində mətinlə, qəhrəmanlıqla dayanıblar və yağı düşmənin istənilən xain hücumlarına ağır zərbələrlə cavab verir: “Biz unutmamalıyıq ki, cənab Ali Baş Komandanımız xalqa müraciətlərində dəfələrlə və qətiyyətlə hər kəsi əmin edib ki, şanlı bayrağımız işğaldan azad olunacaq bütün ərazilərimizdə dalğalanacaq, bir qarış torpağımız belə işğal altında qalmayacaq və bu proses uğurla davam edir. Kimsənin şübhəsi olmasın ki, işğalçı qüvvələrə qarşı başlatdığımız əks-hücum və anti-terror əməliyyatlarımız dayanıb, əksinə, bu əməliyyatlar tam ardıcıllığı ilə davam etdirilməkdədir. Müdafiə Nazirliyinin xalqa və geniş ictimai kütləyə təqdim etdiyi xüsusi video materiallardan da hər şey açıq-aydın qaydada izah olunmaqdadır. Biz davam etdirilən haqlı, ədalətli mübarizəmizdə yalnız qələbəmizə hesablanmış addımlarımızı atırıq, bundan sonra da atacağıq. Düşmənin xain zərbəsi nəticəsində həyatlarını itirmiş mülki və hərbiçi vətəndaşlarımızın ailələrinə Allahdan rəhmət diləyir, yaralananlara isə şəfa arzu edirəm. Bildirmək istəyirəm ki, onların heç birinin qanı yerdə qalmayacaq. Bir qədər təmkinli olaq, səbr nümayiş etdirək və Azərbaycan xalqının sevincinə səbəb olacaq qələbə xəbərlərini gözləyək".

0