Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, oktyabrın 14-də səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
14.10.2020-ci il tarixdə saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nın (Aztv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1983-cü il təvəllüdlü Qəmbərov Namiq Malik oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən televiziyanın xidməti avtomobilinin atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, avtomobilə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.