“Cəbrayıl azad olunanda sevincdən hönkürtü ilə ağladı”

ÖLKƏ
21:45 / 14.10.2020
2104

“Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə Rəmiş hönkürtü ilə ağladı. Həyəcandan dodağı, çənəsi əsdi”.

Bunu Azvision.az -a tanınmış gitaraçı Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova sənətkarın Azərbaycan ordusunun qələbə xəbərlərinə sevincindən danışarkən deyib. O, bildirib ki, Xalq artisti doğma yurdu Ağdamın Gülablı kəndinin azad olunmasını həsrətlə gözləyir.

“Televizora baxırdıq, birdən mən qışqırdım ki, Rəmiş, Cəbrayılı geri aldılar. Özündən asılı olmadan dodaqları, çənəsi əsdi, gözlərindən yaş gəldi. Xəstə canı ilə hönkür-hönkür ağladı. İkimiz də əlimizi göyə qaldırıb dua etdik ki, hamının balası salamat olsun, ayaq üstə gedib, ayaq üstə gəlsinlər. Prezidentimizi Allah qorusun. Axır ki, qarabağlıların həsrətinə son qoyulur. Qəfildən oldu, deyirdik bu xəmir hələ çox su aparacaq. Amma xəyallarımız gerçək oldu. Prezidentin “İti qovan kimi” sözünü eşidib qürurlandım, fərəhləndim, gözümdən yaş gəldi. Zəng edib bütün qarabağlıları təbrik etdim. Baxmadım şuşalıdır, yoxsa laçınlı. Hamısı bizimdir. Qarabağ bizimdir, bizim də olacaq.

Prezidentimizə Allah qüvvət versin, əsgərlərimizi güllədən, soyuqdan, borandan qorusun. Rəmişin bir arzusu var. O da gedib Gülablını görməkdir. Atasının qəbrini, şəhidlərimizin məzarını ziyarət edəcək. Rəmiş Ağdamın işğal günü oradan çıxıb. Döyüşdə əsgərlərimizin yanında olub. Çox qəribə taledir ki, indi 76 yaşında, 27 ildən sonra ora qayıtmaq şansı olacaq. Gecə saat 3-ə qədər oturub gözləyir ki, birdən qələbə xəbəri gələr”.

0