Rezidenturanın boş qalan plan yerlərinə qəbul nəticələri açıqlandı

ÖLKƏ
17:00 / 14.10.2020
707

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak edən 8 namizəddən 7 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Rezidenturaya qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 15 oktyabr 2020-ci il tarixində saat 14:00-dan 16:00‑dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Ünvan: Bakı şəhəri, M. Mirqasımov küç. 1A) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

1