Ovannisyandan etiraf: "Öhdəsindən gələ bilmirik"

ÖLKƏ
12:44 / 24.10.2020
4890

Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağla bağlı aqressiv siyasət yolu seçən, “Qarabağ Ermənistandır” deyib, “Yeni müharibə və yeni ərazilər” iddiasına düşən və cidd-cəhdlə Azərbaycanı müharibəyə çəkən, Tovuz təxribatından sonra daha da azğınlaşan Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluqlarının səbəbini axtarmağa, daha doğrusu, xalqa izah etməyə girişib.

Axar.az xəbər verir ki, ictimaiyyətin və medianın “biz müharibəyə hazır idikmi” sualına cavab verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının “uzun və çoxillik proses” olduğunu deyib.

O iddia edib ki, “nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. Əlbəttə, “son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövr nəzərdə tutulur və dolayısı ilə hazırkı məğlubiyyətin səbəbkarının Sərkisyan olduğu göstərilir.

“Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”, - deyə Ovannisyan Rusiyadan yeni alınan Su-30-larla bağlı danışarkən deyib.

Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan deyib:

“Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

Ermənistan MN rəsmisi Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır:

“Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Göründüyü kimi, Ermənistan düşdüyü ağır durumu dolayısı ilə etiraf etməklə, hazırkı vəziyyətin günahının əvvəlki prezident Serj Sərkisyanda olduğu, ordunu onun məhv etdiyini dolayısı ilə təbliğ etməyə çalışır.

1