Üş atəşkəs, üç terror...

ÖLKƏ
12:36 / 28.10.2020
1203

Ermənistanın mülki əhaliyə qarşı terroru davam edir. Yenisabah.az xatırladır ki, humanitar atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, Ermənistan dünən Bərdə şəhərinə raket atıb. Nəticədə biri azyaşlı uşaq olmaqla 4 nəfər mülki şəxs dünyasını dəyişib.

Ermənistan Qarabağda eskalasiya başlayandan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarına zərbə endirir. Amma müşahidələr göstərir ki, hər dəfə humanitar atəşkəs barədə razılığa gəlinəndən sonra İrəvan daha da aqressivləşir və  mülki əhalini terrora məruz qoyur.

Sentyabrın 27-dən bu yana Azərbaycan və Ermənistan arasında 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinib. Bunlardan birincisi Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-də baş tutub. Ermənistan bir gün keçməmiş Gəncədə yaşayış binasına raket zərbəsi endirib. 10 nəfər mülki şəxs dünyasını dəyişib, 30-dan çox vətəndaş ağır xəsarət alıb.  

İkinci humanitar atəşkəs oktyabrın 16-da baş tutub. Bu dəfə Fransa tərəfləri atəşkəslə bağlı razı salıb. Yenə də Ermənistan razılaşmanı pozaraq Gəncəyə raket zərbəsi endirib. Bu dəfə 14 nəfər mülki şəxs həyatını itirib.

Üçüncü atəşkəs razılaşmasına Vaşinqtonda gəlinib. Yəni, bu dəfə ABŞ-ın təşəbbüsü ilə tərəflər döyüşlərə ara veriblər. Lakin Ermənistan yenə də razılaşmaya əməl etməyərək Bərdəyə raket atıb və biri azyaşlı olmaqla 4 nəfər mülki şəxs həlak olub.

ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsinin dinc yolla  həllinə yardım məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. Hər üç ölkə, o cümlədən ayrıca Minsk Qrupu Qarabağda münaqişə alovlanandan bəri tərəfləri döyüşlərə dayandırmağa, problemi danışıqları yolu ilə həllinə nail olmağa çağırır.

Azərbaycan danışıqlara hazır olduğunu bəyan edir. Sözdə Ermənistan da münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirir. Amma əməldə İrəvan danışıqları pozan addımlar atır və nədənsə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri baş verənlərin üzərindən sükutla keçir, hətta Ermənistanın faktiki olaraq onlara sayğısızlığını belə, görməzdən gəlir.

2
yenisabah.az