1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə Ermənistan tərəfindən Zəngilan rayonu işğal edilib. Bu ilin 20 oktyabr tarixində isə Zəngilan şəhəri işğaldan azad olunub. Elə həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də işğalçılardan təmizlənib.
Qürurla deyə bilərik ki, bundan sonra təkcə işğal tarixlərini deyil, işğaldan azad olunma tarixlərini də qeyd edəcəyik.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirib ki, bundan sonra rayonlarımızın işğal olunması tarixini dərsliklərimizdə oxuyub öyrənəcəyik:
“Təkcə Zəngilanın işğal tarixi yox, Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin, gələcəkdə də Laçının, Şuşanın, Kəlbəcərin işğal tarixi sözün həqiqi mənasında tarixə qovuşacaq. Ona görə də bu günlər artıq tarix kitablarında qeyd olunacaq. Bundan sonra insanlar yalnız azad olunma tarixini qeyd edəcəklər. Zəngilanlılar bundan sonra 20 oktyabrı qeyd edəcəklər. Bu qeyri-adi, fenomenal bir hadisədir, çünki insanlar düz 30 ilə yaxın ümidlə yaşayıblar və nə xoş ki, o ümidlər doğruldu. Düzdür, yaşlı insanlar köçkünlüyə, qeyri-ənənəvi həyat tərzinə dözə bilmədilər, onların bir çoxu dünyalarını dəyişdi, amma nəsil, düşüncə, o ruh hələ də qalır. İnsanlar o torpaqlara yenidən qayıdacaqları günü həsrətlə, intizarla gözləyirlər ki, orada quruculuq işlərinə başlasınlar, öz həyatlarına geri dönsünlər, dədə-babalarının məzarlarını ziyarət etsinlər və s. Bunlar hamısı artıq yeni düşüncələrdə yer alır, ona görə də 29 oktyabrın qeyd olunması gərəksizdir, o tarix artıq keçmişdir. Bundan sonra ancaq 20 oktyabrı yaşayacağıq, bu günləri danışacağıq, Ordunu, Ali Baş Komandanı, bizə kömək olan qardaş Türkiyəni həmişə xatırlayacağıq”.