Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Bu barədə HİT.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.