“Albertin qanı yerdə qalmadı” - Milli Qəhrəmanın qardaşı 

ÖLKƏ
17:30 / 09.11.2020
1093

“Şuşanın işğaldan azad edilməsi xəbərinə ürəkdən sevindik. Həm də ona görə sevindik ki, qardaşım Albertin qanı yerdə qalmadı”.

Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının iştirakçısı, Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.

R.Aqarunov hər bir yəhudinin ürəyinin bu gün Qarabağda döyündüyünü xüsusi qeyd edib:

“Təkcə Şuşanın azad olunması xəbərinə sevinmədik ki! Füzuli də azad olunanda çox sevindik. Hər bir İsrail vətəndaşı azərbaycanlıların qələbəsini bölüşür”.

 

Milli Qəhrəmanın qardaşı Azərbaycana gedəcəyi günü səbirsizliklə gözlədiyini də söyləyib:

 

“Mən tez-tez Azərbaycana gedirəm. Ora mənim doğma yurdumdur. Sadəcə, indi yollar bağlıdır deyə, gedə bilmirəm. Yollar açılsın, ilk işim Azərbaycana getmək olacaq. Gedib qardaşım Albertin məzarını ziyarət edəcəm. Artıq “ruhun şaddır, qardaşım! Uğrunda döyüşdüyün Şuşa azad edilib deyəcəm”.

 

Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

0