Ötən gün rəşadətli Azərbaycan Ordusunun tərəfindən mədəniyyət beşiyimiz olan Şuşa şəhəri işğaldan azad edildi. Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşanın düşməndən təmizlənməsində xüsusi təyinatlılarımızın rolu danılmazdır.
Xarici mətbuatın da vurğuladığı kimi, Azərbaycan əsgəri Qarabağın simvolunu zirehli texnikasız, topsuz, aviasiyasız, düşmənlə birbaşa təmasda olaraq bıçaq və tapança ilə geri alıb. Hazırda cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edir. Xocavənd istiqamətində keçirilən hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilir. Hətta dünən ağır itkilər verən düşmən bir çox mövqeləri tərk edib.
Maraqlıdır, Şuşanın işğaldan azad edilməsi döyüş meydanında Azərbaycan Ordusuna hansı üstünlükləri qazandırır?
Mövzu barədə Yenisabah.az-a danışan hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, Şuşanın azad edilməsi bizim mənəvi borcumuz idi:
“Şuşa bizim üçün hər şeydir. Xarici nəşrlərdə də Azərbaycan əsgərinin Şuşa şəhərində necə döyüşməsi barədə yazılıb. Təsəvvür edin ki, bir insan üzərində 30-35 kiloqram yüklə günlərlə meşələrdə normal qidalanmadan, istirahəti olmadan döyüşür və gəlib dağlara çıxır. Bunu edərkən yaralısını, şəhidinin nəşini geridə qoymur, onu da özü ilə götürərək irəliləyir. Döyüş aparır, özü də avtomat, tapança və bıçaqla düşməni məhv edir. Bu, fövqəladə bir döyüş əməliyyatıdır. Bunu da Azərbaycan əsgəri-xüsusi təyinatlılarımız etdi. Düşmənin özü necə Şuşanı işğal edərkən cığırlarla yüksəkliyə qalxmışdısa, eyni qaydada həmin aqibəti əsgərimiz onlara yaşatdı. Bu döyüşlər bizim ordumuzun hazırlığını, əsgərimizin mənəvi-psixoloji vəziyyətinin səviyyəsini, həmçinin texnoloji cəhətdən silahlanmanın müasirliyini göstərdi”.
Ekspert bildirib ki, Şuşa əməliyyatı xüsusi təyinatlı qüvvələrin tarixinin ən şanlı əməliyyatıdır:
“İndiyədək müxtəlif əməliyyatlar keçiriblər. Digər rayonların da azad edilməsində müstəsna rol oynayıblar, amma Şuşanı azad etməklə öz tariximizə adlarını yazdılar. Öz vətəndaşlıq borclarını yerinə yetirdilər və indi də inşallah, Xankəndi istiqamətində davam etdirərlər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Şuşakənd istiqamətində də yüksəkliklər də artıq bizdədir:
“Şuşa ətrafında artıq hər şey yaxşıdır. Məndə olan məlumat belədir. Şuşanın azad edilməsilə Xankəndidən Laçın dəhlizi istiqamətində olan yolun Dağlıq Qarabağ tərəfdən girişini nəzarətə götürmüşük. Düşmən artıq o yoldan istifadə edə bilmir”.
Mütəxəssis düşmənin Ermənistana qaçmaq üçün yalnız bir dəhlizinin qaldığını vurğulayıb:
“O da Xankəndidən Ağdərə istiqamətində çıxmaqla Kəlbəcər-Zod yoludur. İnşallah, yaxın zamanda o yol da qapadılar və düşmənin işğal altında olan Azərbaycan ərazisindəki sonuncu əsgərinə qədər hamısı məhv edilər”.
Rəşad Süleymanov müharibə başlamadan əvvəl düşmənin işğal edilmiş torpaqlarımıza Ermənistan ərazisindən 4 təminat yolunun olduğunu deyib:
“Bunlardan birincisi Laçın dəhlizidir, ikincisi Zod yoludur. Daha bir yol Zəngilan istiqamətindən gəlirdi, biri də yeni açılmış Vardenis-Kəlbəcər-Ağdərə yolu idi. Döyüş əməliyyatlarının birinci günü Vardenis-Kəlbəcər-Ağdərə yolunu ordumuz qapadı. Eləcə də qısa müddətdə Zəngilan istiqamətindən gələn təminat yolu bağlandı. Bu yol Qafan istiqamətindən Ermənistan ordusunun birinci ordu korpusunun Azərbaycan ərazisinə gəlməsinə imkan verirdi. Bu günlərdə Şuşanın azad edilməsi ilə də zatən nəzarətdə olan Laçın dəhlizi yolu qapandı. Bir təminat yolu qalıb, o da dünənki videolardan göründüyü kimi, hərəkətin iflic olduğu bir yola dönüb”.