Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işi açıldı

ÖLKƏ
17:49 / 10.11.2020
975

Xəbər verildiyi kimi, noyabrın 9-u saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olmuş, 1 nəfər isə yaralanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinindən verilən məlumata görə, həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılıb və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən 09.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.

Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülmüş və digər lazimi istintaq hərəkətləri həyata keçirilib.

Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin cinayət faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi məktub ünvanlayıb, eyni zamanda aralarında telefon danışığı baş tutub.

Telefon əlaqəsi zamanı Baş prokuror hadisə nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına baş sağlığı verməklə yaralı hərbi qulluqçuya şəfa diləyib, həmçinin başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, tam, obyektiv və hərtərəfli istintaq aparılmasında əmin edib.

Rusiya Federasiyasının Baş Prokuroru öz növbəsində həmin faktla bağlı tərəflərindən də cinayət işinin başlanaraq istintaq aparılmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə istintaqın əlaqəli şəkildə aparılmasının işin səmərəliliyin artırılmasına xidmət edəcəyini qeyd edib.

İqor Krasnov Azərbaycan tərəfinin hadisə ilə bağlı təxirəsalınmaz reaksiya verərək zəruri tədbirlərin görülməsinə görə öz təşəkkürünü bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru imzalanmış 10.11.2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öz məmnunluğunu ifadə edərək bəyanatda əks etdirilmiş müddəaların icrasının tərəflərin, o cümlədən Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini qeyd etməklə, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin sülh və əminamanlığın bərqərar olmasında səmərəli rol oynayacağına ümidvar olduğunu xüsusilə vurğulayıb.

Kamran Əliyev və rusiyalı həmkarı ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib.

0