Komitə sədri məcburi köçkünlərin qayıdış prosesinin detallarını AÇIQLADI

ÖLKƏ
18:40 / 11.11.2020
1811

İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinin aparılması, bütün məcburi köçkünlər və qaçqınların öz doğma yurdlarına qayıtmaları üçün Dövlət Proqramı hazırlanacaq.

Bu sözləri “MediaPost”a müsahibəsində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O deyib ki, “İşğaldan azad edilən Regionların Təmizlənməsi və Bərpası üzrə Dövlət Proqramı” adlı sənəd hökumət səviyyəsində işlənəcək: "Proqrama uyğun olaraq ermənilər tərəfindən dağıdılan və hazırda azad olunan kəndlərimiz, rayonlarımız və şəhərlərimiz bərpa olunacaq. Bundan sonra məcburi köçkünlərimiz öz doğma yerlərinə qayıdacaqlar. Sənədə əsasən vətəndaşlarımızın məşğulluq statusu, onların sosial-tibbi təminatları yerli-yerində təmin ediləcək. Bu, böyük bir qayıdış proqramı olacaq”.

Komitə sədri bildirib ki, yaxın vaxtlarda hökumətimiz bu proqramın əsas istiqamətlərini elan edəcək:

“Bu işin maliyyə mənbələri Azərbaycanın 50 milyarda yaxın valyuta ehtiyatı hesabına, büdcəmizdə ilbəil bu məsələyə vəsait ayırmaqla və digər beynəlxalq donorlar hesabına həyata keçiriləcək.

Zərurət yaranarsa, "Repartasiya haqqında" (repartasiya - köç etmiş mühacirlərin vətənə qayıtması) qanun işlənilib hazırlanacaq. Burada da torpaqlarına geri qayıdan insanların statusları və sair məsələlər nəzərdə tutulacaq. Bunların üzərində hazırda müzakirələr gedir. Yaxın vaxtlar da bir-birinin ardınca, Cənab Prezidentin tövsiyyəsi və sərəncamı ilə bu məsələlər öz həllini tapacaq”.

“44 gün ərzində ordumuzun gücü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının rəşadətli qələbəsi təmin olundu. Artıq atəşkəs bəyanatından sonra bir ay müddətində Kəlbəcər, Ağdam və Laçın rayonu da tam işğaldan azad olunacaq. Bütün ərazilərimiz, o cümlədən Xankəndi, Əsgəran, Xocavənd və demək olar ki, bütün kənd, rayon və şəhərlərimiz yenidən qurulacaq. Azərbaycanın inzibati ərazi quruluşu bərpa olunacaq. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın qanunları ilə idarə olunacaq. İcra Hakimiyyətləri orada formalaşacaq. Qarşıdakı illərdə, orada bələdiyyə və parlament seçkiləri də keçiriləcək”, - deputat əlavə edib.

0