Ermənistanın "Sasna Çrer" terror təşkilatının lideri Jirayr Səfilyan Kəlbəcər rayonunun Azərbaycana verilməsini pozmaq məqsədilə təxribat hazırladıqlarını bəyan edib.
Qarabağla bağlı əldə edilmiş razılaşmalara əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunun ərazisini tamamilə tərk edərək onu Azərbaycanın nəzarətinə verməlidirlər.
HİT.Az Bakıpost.az-a istinadən xəbər verir ki, rayonun Azərbaycanın nəzarətinə verilməsinə bir neçə saat qalmış "Sasna Çrer" qruplaşması Kəlbəcərə kütləvi avtoyürüş təşkil etməyə çağırıb. Avtoyürüş noyabrın 14-ü səhərə təyin edilib və onun haqqında məlumatlar sosial şəbəkələrdə fəal şəkildə yayılır. İstisna deyil ki, avtoyürüş bəhanəsi ilə təşkilat üzvləri Rusiyanın sülhməramlılarına və Azərbaycan hərbçilərinə qarşı təxribatlar, terror aktları hazırlayırlar.
Onu da xatırladaq ki, "Sasna Çrer" silahlı qruplaşması 17 iyul 2016-cı il tarixində İrəvanın post-patrul xidməti alayının binasını ələ keçirmiş, girov götürmüş və prezident Serj Sərkisyanın istefasını tələb etmişdi. Bütün yaraqlılar terror aktından iki həftə sonra hakimiyyətə təslim oldular. Lakin N.Paşinyanın hakimiyyətə gəlişi ilə alayın silahlı işğalında iştirak edən bütün terrorçular həbsdən azad olundular. "Sasna Çrer" silahlı qruplaşması isə siyasi partiya kimi qeydə alındı.