İşğaldan azad olunan ərazilərin inkişaf strategiyası açıqlandı

ÖLKƏ
18:31 / 18.11.2020
993

"Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişaf etdirilməsi çoxsaylı və müxtəlif sektorları əhatə edəcək".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələr zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bunların siyahısı geniş olduğundan bir sıra qrup ardıcıllıqla sektorlar üzrə ayırd olunmalıdır: "Öndə ilkin olaraq idarəetmə və təhlükəsizlik məsələləri durur. Söhbət əraziləri minalardan və digər hərbi resurslardan təmizlənməsindən, həyata birbaşa təhlükə yaradan bioloji və ekoloji pozuntuların aradan qaldırılmasından gedir. Həmçinin, sərhəd xidməti və polis nəzarətinin təşkil olunması, dövlət orqanlarının fəaliyyəti də bura aiddir".

Nazir müavini onu da bildirib ki, işğal altında olan torpaqlarda 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 600 sənaye, kənd təsərrüfatı və s. müəssisələri dağıdılıb, talan və məhv edilib. 1 mln. hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən təxminən 128 min suvarılan torpaq, 35 min hektara yaxın üzüm və meyvə bağları məhv edilərək dövriyyədən çıxarılıb.

"İşğala qədər ölkə üzrə ÜDM istehsalının 24%-i, üzüm istehsalının 41%-i, kartof istehsalının 46%-i, ət istehsalının 18%-i, süd istehsalının 34%-i həmin rayonların payına düşüb. İşğal ölkənin su ehtiyatlarına ciddi ziyan vurub. Ümumi meşə sahələrinin 25%-i, yəni 280 min hektar işğal olunan torpaqların payına düşürdü. Bəzi mənbələrə görə, ermənilər təbii sərvətlərimizin qanunsuz istismarı yolu ilə Kəlbəcərdə küllü miqdarda qızıl çıxarıb. Bu statistik məlumatlara nəzər yetirmək kifayətdir ki, görüləcək işlərin miqyasını təsəvvür edək", - deyə N. Səfərov bildirib.

Nazir müavini deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülkü əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın aradan qaldırılmasını təmin etmək üçün Dövlət Komissiyası yaradılıb. Onun sözlərinə görə, hazırda müvafiq işçi qrupları regionlarda işlərə başlayıb, inventarizasiya və qiymətləndirmə işlərini həyata keçirməkdədirlər. (APA)

0