SMS icazə sistemi yenidən tətbiq ediləcək? - AÇIQLAMA

ÖLKƏ
17:56 / 20.11.2020
1293

"Koronavirusla bağlı vəziyyət çox ciddiləşib. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Diqqət etsək, görərik ki, kəskin artımlar var. Bu vəziyyətin nə qədər davam edəcəyini demək çətindir. Yəqin ki, istilər düşənə qədər azalma olacaq".

Bunu Baku.ws-ə açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölkəmizdə atılan addımları düzgün hesab edir: "Müəyyən qədər sərt tədbirlərə ehtiyac var. Çünki insanlar qaydalara riayət etmirlər. Son dövrlər müharibə və şəhidlər ilə əlaqədar toplu şəkildə yığışmalar çox oldu. Şəhidlərin dəfnləri zamanı 15-20 min insan bir yerə toplanırdı. Bu da yoluxmaya müəyyən qədər təsirini göstərdi. Amma indi müharibə dayanıb. Buna görə sərt tədbirlərə ehtiyac var.

İnsanlarımız maskadan birmənalı şəkildə istifadə etməlidirlər. Heç nəyə baxmadan və harada olmasından asılı olmayaraq əllər spirtlənməli, məsafə saxlanılmalıdır. Əgər artım olmasa, sərt qaydalar niyə tətbiq olunsun ki?

 

İndiki halda apteklər və ərzaq mallarının satışına icazə verilib. Lisenziyası olan taksilər də işləyə bilərlər. Lisenziyası olmayanlar, təbii ki, işləyə bilməyəcəklər. Yəni bu sərt tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki əhalinin sağlamlığından söhbət gedir".

Deputat əlavə edib ki, əgər sabah SMS icazə sistemi lazım olarsa, onu da tətbiq etmək lazımdır: "Burada qeyri-adi heç nə yoxdur. Amma hələlik tətbiq edilən ən yaxşı bu sistemdir və baxmaq lazımdır ki, bir həftə ərzində hansı nəticələr olacaq. Əgər azalmalar gedəcəksə, onda SMS icazə sisteminə ehtiyac olmayacaq. Bizə həm də iş lazımdır. İnsanlar işləməli, əməkhaqqı almalı, istehsal getməli və ölkənin iqtisadi vəziyyətinə təsir etməməlidir. Hələlik buna ehtiyac yoxdur.

İndi bizim şəhidlərimiz, müharibə zamanı yaralı əsgərlərimiz var. Biz onların hamısının ehtiyaclarını təmin etməliyik. Bu, bizim sosial öhdəlik və vəzifəmizdir. Buna görə işləmək lazımdır. Amma karantin də öz yerində qalır, bu qaydaları pozmaq olmaz".

0