Mövsümi xarakterli proseslər Badamdarda vəziyyəti gərginləşdirə bilir

ÖLKƏ
15:08 / 21.11.2020
966

"Bu gün Səbail rayonu, Badamdar şosesinin ətrafında monitorinq keçirmişik. Orada vəziyyət nisbi stabildir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, yağışlarla bağlı təhlükəli bir məqam ola biləcəyi ehtimalına görə, baxış keçirilib: 

“Ciddi bir şey yox idi. Noyabrın 17-də yağan yağışlar nəticəsində orada kiçik asılı kütlə qopub, yamacboyu axmışdı. Eni 1.5-2 metr olardı. Kütlə Badamdarda 20-ci sahə deyilən yola qədər gəlib, yolun kənarında qalmışdı, amma yol açıq idi. Bu, sürüşmə prosesi deyildi. Sadəcə kiçik uçuntu əmələ gəlmişdi. 

Amma bütün hallarda mövsümi xarakterli proseslər orada gərginlik formalaşdıra, yağışın davam etməsi vəziyyəti gərginləşdirə bilir”.

Ə. Əliyev qeyd edib ki, sahədə davamlı bərkitmə işləri görülür: "Ümumiyyətlə, orada təbliğat-təşviqat işləri aparılır. Yəni insanların yamaca su buraxmaması, suyun qənaət rejimində işlənməsi, mərkəzləşdirilmiş kanalizasiya xətlərinin qurulması tədbirləri görülür və təkliflər verilir. Bakıda noyabrın 16-dan 18-dək intensiv yağışlar yağdı. Bunun nəticəsində yamac islandı. Əslində bizim ehtiyat etdiyimiz yamacın intensiv islanmasıdır. Növbəti mərhələdə də intensiv yağışların yağması gərginliyi artıra bilər”. 

Xidmət rəisi vurğulayıb ki, yağışların çox olması səthi prosesləri sürətləndirir: "Ümumiyyətlə, sürüşmə proseslərinin inkişaf etdiyi sahələrdə yağışların intesivləşməsi ilə adətən gərginlik formalaşır. Biz davamlı olaraq ərazini nəzarətdə saxlayırıq”.  

0