Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni təyin olunan direktorun, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev kollektivə təqdim olunub.
AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmində tutduğu mühüm vəzifəsindən danışıb.
MEK-in yeni təyin olunan direktoru M.Əliyev qeyd edib ki, MEK ölkəmizin kitabxanaçılıq tarixində müasir avadanlıqlarla təchiz olunan respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Professor M.Əliyev hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının vacibliyini, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının mühüm olduğunu xüsusi qeyd edib.
Tədbirin sonunda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzulayaraq, illərlə formalaşan tarixi ənənəyə malik kitabxanada bundan sonra da uğurlu iş fəaliyyətinin davam edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, noyabrın 20-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirin gündəliyinə çıxarılan növbəti məsələlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub. AMEA Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.