“Sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol…” – İlham Əliyev

ÖLKƏ
12:21 / 25.11.2020
1427

“Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur”.

HİT.Az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib. O, bildirib ki, danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. 

“Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. 

Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. 

Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. 

Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. 

Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. 

O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.

Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”.

0