Hərbi qələbə Azərbaycanın siyasi düzənini necə dəyişdirəcək? - ŞƏRH

ÖLKƏ
18:56 / 25.11.2020
795

İşğal olunmuş ərazilərimizin azad edilməsi ilə nəticələnən uğurlu hərbi əməliyyatların Azərbaycanın gələcək siyasi və iqtisadi həyatına necə təsir göstərəcəyi ciddi mübahisə obyektinə çevrilib. Belə ki, geniş ictimaiyyətdə ordumuzun qazandığı qələbənin ölkəni dəyişdirəcəyi fikri olsa da, Rusiya sülhməramlılarının Qarabağa yerləşməsinin Azərbaycanın indiki və gələcək siyasi düzəni üçün yaratdığı təhlükələr də gözardı edilmir. Bu baxımdan yaxın perspektivdə ölkədə siyasi və iqtisadi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurmaya bilməz. 

Məsələn, REAL partiyasının icraçı katibi Natiq Cəfərli rus qoşunlarının Azərbaycanda olmasını siyasi münasibətlər sisteminin inkişafı üçün təhlükə sayır:  

"Rusiyanın SSRİ dağılandan sonra hərbi doktrinasının ana xətti, məqsədi ya de-fakto, ya de-yure keçmiş post-sovet respublikalarında hərbi mövcudiyyət məsələsi olub. Bu doktrindən qaçan Pribaltika ölkələri oldu - zamanında qaça, NATO və AB-yə üzv ola bildilər.

Bu gün Rusiya de-yure Belarusda, Ermənistanda, Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda var. Türkmənistanda baza şəklində deyil, amma ölkənin cənub sərhədlərini Rusiya əsgəri qoruyur.

Rusiya de-fakto Gürcüstanda (Abxaziya və Cənubi Osetiya), Moldovada (Dnestryani bölgə), Ukrayna (Krım, Donbas) mövcud idi. Yeganə Azərbaycanda Qəbələ RLS-dən sonra nə de-fakto, nə də de-yure vardı və bu, müstəqillik tariximizin ən böyük uğurlarından biri idi. Və bu gün Rusiya əsgəri de-yure və de-fakto ilkin 5 illik də olsa, Azərbaycan ərazisində olacaq.

Məni ən çox narahat edən məsələlərdən biri odur ki, Rusiya harada əsgər saxlayırsa, o ölkədə mütləq daxili siyasətin dizayn olunmasında iştirak edir. Keçmiş post-sovet respublikalarının hər birində müxalifət (siyasətdə) və sivil toplumda açıq-aşkar rusiyapərəst mövqedə olan qüvvələr olub - var (hətta Gürcüstan və Ukraynada da). Bir tək Azərbaycanda müxalif siyasi səhnədə açıq (ən azından açıq) kremlpərəst qüvvə olmayıb, bütün moskvapərəstlər uzun illərdir elə hakimiyyətin içində olub. Son 4 ildə hakimiyyət doğru olaraq o qüvvələrin böyük qismini içəridən təmizlədi, amma yəqin ki, hələ də kökləri qalıb. Bu anlamda narahatam ki, Rusiyanın hərbi mövcudiyyəti artıq daxili siyasətə təsir edə, Kremlin xoşuna gəlməyə çalışan qüvvələr açıq şəkildə meydana çıxa bilər. Ümid edirəm belə olmaz..."

Gələn Azərbaycanda parlament seçkiləri keçiriləcək

Mövzunu Qaynarinfo üçün şərh edən siyasi analitik Nazim Cəfərsoy narahatçılıq üçün ciddi əsas görmədiyini bildirir. O, Azərbaycanın qazandığı hərbi qələbənin ölkədə yeni siyasi münasibətlər sisteminə gətirib çıxaracağı qənaətindədir:

"Açığı, ölkədə ciddi dəyişikliklərin olması ilə bağlı böyük gözləntilərim var. Hərbi əməliyyatlardan əvvəl də bunun işartılarını görürdük. Prezident Administrasiyası üzərindən məlum siyasi müzakirələrin getməsi, partiyalarla dialoqun başlanması, başda REAL olmaqla müəyyən partiyaların qeydiyyata alınması prosesi bunu göstərirdi. Düzdür, parlament seçkiləri bu prosesi əngəllədi. Bununla belə, mövcud parlamentin o şəkildə planlaşdırılmadığını düşünənlərdənəm. Hətta orada sabotaj olduğunu fikirləşirəm. Həmin prosesdə köhnə nomenklaturanın sobatajı oldu. Çünki Prezidentin seçkilərdən 2-3 ay əvvəl başlatdığı dəyişim və xalqın istədiyi parlament arzuları nəticələrdə özünü göstərmədi. Düşünürəm ki, həmin zaman həm ölkə daxilində, həm də ölkə xaricində prosesin bu şəkildə nəticələnməsini şərtləndirən həssas tarazlıqlar var idi. Məsələn, Rusiyanın münasibətinin necə olacağı ilə bağlı müəyyən narahatlıqlar vardı. Həm də ölkə daxilində prosesə cəmiyyətin necə dəstək verəcəyi də tam aydın deyildi. Artıq Qarabağ məsələsinin ordumuzun qələbəsi ilə nəticələnməsinin şübhəsiz ki, xalqın Prezidentə dəstəyini zirvəyə çıxartdığını düşünürəm. Özü də bu, saxta və şişirdilmiş deyil, real və haqq edilmiş dəstəkdir. Düşünürəm ki, Cənab Prezidentin və yenilik istəyən hakimiyyət komandasının əli arzu edilən və planlaşdırılan dəyişiklikləri daha rahat həyata keçirmək üçün daha möhkəm olacaq. Və xalqın tam dəstəyini almaq istiqamətində addımlar atılacaq. Digər tərəfdən Qarabağın işğaldan azad edilməsi onsuz da uzun müddət masada olan və ciddi müzakirə mövzusuna çevrilən inzibati idarəetmə sistemindəki islahatlar həyata keçiriləcək. Zatən Prezident işğal olunmuş ərazilərimizin inzibati tənzimlənməsi üçün PA rərhərinin liderliyi altında bir qərargah yaradılması barədə sərəncam verib. Qarabağın bərpası ilə başlanan mərhələ ölkənin iqtisadi, siyasi, mədəni və bütün sahələrdə yeni dövrə qədəm qoymasına səbəb olacaq”.

Politoloq hesab edir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olması digər münaqişəli bölgələrdən fərqli olaraq bölgədə sivil münasibətlər sisteminin yaranmasına gətirib çıxaracaq: 

"SSRİ məkanında mənfi istiqamətdə gedən proseslər də Qarabağdan başlandı. Bu baxımdan düşünürəm ki, qurulacaq Qarabağ modeli başqa münaqişə bölgələrindəki vəziyyətdən fərqli olacaq. Yəni Qarabağ musbət mənada fərqlənəcək. Önümüzdəki mərhələdə Qarabağ modeli həll usulu post-sovet məkanı başda olmaqla Avrasiyadakı münaqişələrin tənzimlənməsi prosesində ciddi müzakirə olunacaq. Proses başlayandan ənənəvi yanaşmalardan fərqli olaraq, Rusiyanın Qarabağ münaqişəsini dondurmaq və daha da dərinləşdirmək istəməyəcəyi düşüncəsində olmuşam. Daha konkret Rusiyanın problemi həll edərək, bölgədə maraqlarına uyğun əməkdaşlıq perspektivi yaradacağını fikirləşirəm. Yaxın perspektivdə bölgədə Rusiya, Türkiyə və Azərbaycanın ciddi əməkdaşlıq formatının yaradılacağını gözləyirəm. Önümüzdəki dönəmdə ağıllı olsa, Ermənistan da prosesə qoşula bilər. Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, bizim Rusiya ilə müxtəlif sahələrin inkişafı ilə bağlı 5 yol xəritəmiz var. Düşünürəm ki, bu yol xəritələri də bu prosesin bir parçasıdır. Mehridən (Naxçıvana Ermənistan üzərindən dəhliz – red.) dəhlizin açılması da bölgədəki əməkdaşlıq prosesinin bir hissəsidir. Yəni Rusiya və Türkiyənin bölgədə nüfuzunun artması problem yaratmaq deyil, əməkdaşlıq yaratmaq prosesinə gətirib çıxaracaq. Bu baxımdan önümüzdəki dönəmdə çox maraqlı bir dövrə qədəm qoyacağıq. Çünki bu coğrafiyyada çox əhəmiyyətli hadisələr olacaq. Hətta bir az da irəli gedib deyə bilərəm ki, orta vədədə Qarabağ probleminin həlli modeli Gürcüstanla Cənubi Osteya, Abxaziya və Rusiya konteksində yeni əməkdaşlıq formatını gündəmə gətirəcək. Bunu istisna etmirəm. Təbii ki, bu proses dərhal baş verməyəcək. Çünki Qarabağ problemi çox həssas və kövrəkdir. Amma buna baxmayaraq, davamlı sülhun əldə olunacağını gözləyirəm. Bu baxımdan fikirləşirəm ki, 2021-ci ildə Azərbaycanda cəmiyyət üçün, həm də siyasi, inzibati, iqtisadi və s. islahatlar üçün çox faydalı ola biləcək iki mühüm addım atılacaq. Bunlardan birincisi, ölkədəki bələdiyyə idarəetməsinin daha mütərəqqi qanunvericilik və seçim mexanizmi ilə tənzimlənməsi olacaq. İkincisi isə 2021-ci ildə ölkədə növbəkənar parlament seçkiləri gözləyirəm. Ola bilsin önümüzdəki 6 ay ərzində seçkilər olsun”. 

Türkiyə faktoru Rusiyanın gücünü balanslaşdıracaq

Siyasət yazarı Asif Nərimanlının fikrincə, qazandğımız qələbənin ölkəni müsbət istiqamətdə dəyişdirəcəyi şübhəsizdir: 

"30 il ərzində cəmiyyətin səbirsizliklə gözlədiyi böyük problem həll olunub. İndiyə qədər isə cəmiyyət Qarabağ problemindən qaynaqlanan xırda problemlərlə üz-üzə qalmışdı və gərginliklərin də səbəbi bu idi. Artıq əsas problemi həll olunmuş saymaq olar. Siyasi münasibətlərin sivil məcrada inkişaf edəcəyini gözləyirəm. Siyasi müstəvidə radikalizm meyilləri də gündəmdə olmayacaq. Həm də bundan sonra Vətən Müharibəsindən qayıdan insanların yaşadığı ərazilərdə problemlərin həllinə təsiri artacaq. Onun fikri və mövqeyi hər hansı bir məmurdan daha önəmli olacaq. Proses bu istiqamətdə gedəcək...”

Asif Nərimanlının sözlərinə görə, Rusiya qoşunlarının Azərbaycanda olması ilə bağlı cəmiyyətdə yaranan narahatlıqlar başadüşüləndir. Ancaq Azərbaycanın hərbi qələbələri və Cənubi Qafqazda Türkiyənin varlığı Rusiya təhlükəsini azaldan faktorlardır:  

"Rusiyanın tarix boyu bizə etdikləri fonunda bu narahatlıqları təbii qəbul edirəm. Amma indi situasiya tamam başqadır. Birincisi, Azərbaycan 90-cı illərdə bu prosesi keçib. Necə ki, Gürcüstan və Ukrayna torpağını itirdi. Ancaq biz bu dəfə işğal olunan torpaqlarımızı qaytarmışıq. Yəni biz qalibik. İstər-istəməz qalibin gücü və proseslərə təsir imkanları daha çox olur. İkincisi, burada Türkiyə faktoru var. Döyüşlərdən əvvəl də Cənubi Qafqazda Azərbaycan üzərindən Türkiyə var idi. Ancaq bu dəfə Türkiyənin bölgədə olmasına əsas yaradan legitim əsaslar yaradıldı. Türkiyə faktoru Rusiyanın proseslərə təsir etmək imkanlarını azaldacaq və regionda Rusiyanın gücünü balanslaşdıracaq. Ona görə post-sovet məkanında olan başqa münaqişəli zonalarla müqayisədə bizim vəziyyətimiz fərqlənir. Bu baxımdan deyə bilərik ki, Cənubi Qafqazda Rusiya və Türkiyə əsas, Azərbaycan isə həlledici güc olacaqdır. Həmçinin, bölgədə Türkiyə və Azərbaycanın gücü daha çox olacaq. Çünki Cənubi Qafqazın üç ölkəsindən biri olan Gürcüstan Azərbaycan və Türkiyənin təsir dairəsindədir. Bunun iqtisadi və siyasi tərəfləri var. Başqa bir tərəfdən də Qərb bölgədəki maraqlarına təhlükələr olmasından narahatlıqlarını bildirir. Bu da istər-istəməz Azərbaycana olan diqqəti ikiqat artıracaq. Bu baxımdan düşünürəm ki, Rusiyanın Azərbaycanın daxili siyasətinə təsir imkanları narahatlıq yaradan səviyyədə olmayacaq. Təbii ki, bizdə Rusiya xofu var. Amma imzalanan üç tərəfli bəyannamə var. Rusiya bölgədən beş il sonra çıxmaya da bilər. Ancaq Türkiyə faktorunun Cənubi Qafqazda olması Rusiyanın Azərbaycan maraqlarına yaratdığı riskləri minimuma endirəcək...”

0