Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.
HİT.Az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib.
Ali Məclisin Sədri Hərbi Hospitalın kollektivi ilə görüşərək deyib:
“Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitalda müalicə olunan hərbçilərlə fərdi şəkildə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbçilərin müalicələrinə kömək göstərilməlidir”.
Ali Məclisin Sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür edib.
Hospitalda müalicə alan əsgərlərə və yaralılara hədiyyələr paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.